Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-25/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun, X1, Borclunun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1940/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-cu il tarixli qərarla icraata başladığım Xəzər rayon Məhkəməsinin 2(003)1940/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu 8030 manat pul tutularaq X4 xeyrinə ödənilməlidir. xx.xx.1966cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Borclu 10 (on) gün könüllü icra müddəti təyin edilərək icraata başlamaq haqqında qərar və bildiriş poçt vasitəsi ilə borcluya və tələbkara göndərilmişdir. Bundan sonra icra tədbirləri davam etdirilərək borclunun adına daşınar və daşınmaz əmlakların, banklarda pul vəsaitinin olub-olmaması barədə aidiyyatı təşkilatlara sorğular göndərilmiş, lakin Borclu adına daşınar və daşınmaz əmlak, banklarda pul vəsaiti müəyyən edilməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Ona görə də Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov məhkəməyə bildirdi ki, borclu xeyli vaxtdır ödəniş etmir, tutmanın yönəldiləcək heç bir əmlakı və gəliri yoxdur. Borclu 2022-ci ilin oktyab ayınadək cəmi 215,0 manat ödəniş edib. Yalnız protokol tərtib edildikdən sonra 500 manat ödəniş edildi. Bundan sonra borclu tərəfindən 300 manat, 300 manat və 50 manat ödənişlər edildi. Axırıncı 50 manat ödənişdən sonra borclu ödəniş etməmişdir. İcra sənədi üzrə borclunun kifayət qədər ödənilməmiş borcu qalmışdır. Təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirdi ki, məhkəmə qətnaməsi uzun müddətdir icra olunmur. Borclu 2019-cu ilədək cəmi 215,0 manat ödəniş edib. Bundan sonra borclu 2022-ci ilin oktyabr ayıdan başlayaraq ödəniş etmişdir. O, hər ay ona 300,0 manat ödəməsini desə də bu ay cəmi 50,0 manat ödəniş etmişdir. Ümumilikdə icra səndəi üzrə borclu cəmi 1365,0 manat ödəniş etmişdir. Təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili X3 təqdimata etiraz edərək bildirdi ki, iki ay ərzində icra tədbirləri görülməli idi, lakin görülməyib. Borclu heç yerdə işləmir, xəstədir, əmlakı yoxdur. İcra məmuru icra işini indiyədək məhkəməyə qaytarmalı idi. Borclunun heç bir gəlirinin olmaması özü üzrlü səbəbdir. Təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1940/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən Borclu 8030,0 manat pul tutularaq X4 xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş, cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq və qərarın surəti borcluya təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli MN №1475001 saylı “İnzibati xəta” haqqında protokolun sürətindən görünür ki, borclu AR İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Borclu Bakı şəhəri Xəzər rayonu İcra şöbəsində verdiyi izahatın surətindən görünür ki, o, ali təhsillidir, ailəlidir , məhkumluğu olub, iş yeri yoxdur. Daimi yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz-6, m-5 ünvanıdır. İcra sənədi üzrə borcu ödəyə bilmir, imkanı çatmır. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyəti yoxlanılmış məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Xəzər rayon icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyəti yoxlanılmış məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1571/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Borclu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(003)-1940/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Borclu-xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-25/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-25/2023
18.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver