Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-257/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Tələbkar borclular Borclu1 və Borclu2 qarşı (Maraqlı şəxs cəlb olunmaqla) ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. Tələbkar borclular Borclu1 və Borclu2 qarşı (Maraqlı şəxs cəlb olunmaqla) ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-229*/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 1198 manat məbləğ indeksləşdirilərək 2014-cü il tarixdən - 202*-ci ilin may ayınadək 208.1 faiz artımı (1198 AZN x 208,1%= 2493,03 AZN) nəzərə alaraq, cəmi 3691,03 manat məbləğində indeksləşdirmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-229*/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən borclular Borclu1 və Borclu2 cəmi 1198 manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmış, məhkəmə qərarı qanuni qüvvəsini almasına və icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məbləği zamanında ödəsəydilər, tələbkar həmin pulu başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclular həmin məbləği vaxtında geri qaytarmadığından tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 1198 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zəruridir.
Məhkəmə icraatı iştirakçılarını izahatı:
3. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nə tələbkar, nə borclular, nə də maraqlı şəxs məhkəmə iclasına gəlmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Onların gəlməməsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
4. Ərizəyə əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(003)-229*/2013 saylı əmrinə əsasən, xx.xx.1966-cı il təvəllüdlü Bakı şəhəri, Buzovna qəsəbəsi, Fioletov küçəsi, ev 9-da yaşayan X1 və onun zamini xx.xx.1989-cu il təvəllüdlü Bakı şəhəri, Buzovna qəsəbəsi, Fioletov küçəsi, ev 9-da yaşayan Borclu2 birgə qaydada 1177.00 manat əsas borc, 21.00 manat dövlət rüsumu olmaqla cəmi 1198.00 manatın tutularaq Tələbkar xeyrinə ödənilməsi əmr edilmişdir.
5. Ərizəyə əlavə olunmuş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator çıxarışına əsasən, 202*-ci ildə may ayında 2013-cü ilin sentyabr ayına nisbətən istehlak qiymətləri indeksi 208.1 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.1 dəfə artmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
6. 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
7. 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
8. 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
9. 6-cı maddəsinə əsasən, məhkəmələrin qərarları, əmrləri icra sənədi sayılır.
10. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün ... müddət təyin edir və bu barədə borcluya bildiriş verir.
11. 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.
12. 12.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”):
13. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
15. 88-ci maddəsinə əsasən, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
18. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
20. Belə ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmənin qəbul etdiyi aktların icrası məcburidir və onların icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməli, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin etməklə, bu barədə borcluya bildiriş verməli, habelə icraata başlamaq haqqında qərarın surətini qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərməlidir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu məhkəməyə şikayət verə bilər.
21. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (“İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh ediləsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı; “İcra haqqında” AR Qanununun 1, 10, 24 və 26-cı maddələrinin şərh ediləsinə dair” 02.09.201*-ci il tarixli Qərarı və s.)
22. Habelə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MPM-in 232-ci maddəsi ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası məhz məhkəmənin qəbul etdiyi aktların səmərəli icrasını təmin etmək məqsədi daşıyır. Bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. (“Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” 17.06.202*-ci il tarixli Qərarı.)
23. Yuxarıda qeyd olunan normaların tələbindən və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, indeksasiyanın məqsədi qüvvədə olan məhkəmə aktının icra edilməməsi nəticəsində məhkəmə akt ilə tutulmalı olan pulun dəyərində yaranmış azalmanı ədalət mühakiməsi çərçivəsində kompensasiya etməkdir, yoxsa, borcun gecikdirilməsindən istifadə edilərək zərərçəkmiş şəxsi zənginləşdirmək deyil. Əks yanaşma, qanunvericiliyin məqsəd və vəzifələrinə ziddir. Bu baxımdan, MPM-in 232-ci maddəsi çərçivəsində ödənilməli pul məbləğinin indeksasiya edilə bilməsi üçün qüvvədə olan bir məhkəmə aktı olmalı, həmin akt borclu tərəfindən icra edilməmiş və ya icrası gecikdirilmiş olmalı və pul alıcılıq qabiliyyətini (dəyərini) itirmiş olmalıdır (inflyasiyaya məruz qalmalıdır).
24. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-229*/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə əmri çıxarılmış və həmin əmrə əsasən borclular Borclu1 və X2 cəmi 1198 manat məbləğində pulun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Lakin həmin məhkəmə əmrinin hazırki icra vəziyyəti işin mübahisəli halıdır. Başqa sözlə, indeksasiya edilməsi istənilən, məhkəmə aktı ilə borclulardan tutularaq ərizəçiyə ödənilməli olan məbləğin bu günədək ümumiyyətlə ödənilməməsi, qismən ödənilməsi və ya ödənilməsinin gecikdirilməsini təsdiq edən heç bir sübut müəyyən edilmir.
25. Məhkəmə qeyd edir ki, bu tələblərlə bağlı qanunvericilikdə hər hansı xüsusi sübutetmə qaydası müəyyən edilmədiyindən, ümumi sübutetmə qaydası tətbiq olunur. Belə ki, məhkəmə aktının qanuni qüvvəyə mindiyi gündən ərizə ilə məhkəməyə müraciət edildiyi günə kimi pul məbləğinin ödənilmədiyi, qismən ödənildiyi və ya gecikdirildiyi, habelə bununla əlaqədar olaraq məhkəmə aktı üzrə icra icraatına başlanılması, icraata başlamaq haqqında qərar qəbul edilməsi, bildiriş verilməsi, icra çərçivəsində müvafiq icra tədbirləri görülməsi və nəticədə aktın icra olunmaması ərizəçi tərəfindən sübuta yetirilməlidir. Bütün bu hallar da mümkün, mötəbər və kifayətedici sübutetmə vasitələri ilə təsdiq edilməlidir. İş üçün əhəmiyyət kəsb edən həmin halların sübuta yetirilməməsi isə ərizənin (tələbin) təmin edilməməsi üçün əsas hesab olunur. Çünki məhkəmə mülahizə, ehtimal, fərziyyə əsasında və ya ağlabatan həddə deyil, yalnız müvafiq təsdiqedici sübutlar əsasında qərar qəbul etməlidir.
26. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, iş üçün əhəmiyyətli halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquq münasibətlərində yaranan qeyri-müəyyənliyin aradan qaldırılması üçün əhəmiyyət daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaət mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən iş üçün əhəmiyyətli olan hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən (eləcə də məhkəmə iclasında iştirak etməyərək, bu halları sübut etmədiyindən) və məhkəmə araşdırması ilə də həmin halları təsdiq edən heç bir sübut müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı
Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Natiq Əsgərov