Məhkəmə qərarları › İş №8(003)-260/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-260/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-260/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 Tələbkar iştirakları ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(011)-2972/2022-024 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarxində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-2972/2022-024 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Borclu 04 aprel 2022-ci il tarixindən etibarən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın sürəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində ona tələbi dərhal təmin edilməsi müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələbin könüllü icra edilməməsi səbəbi ilə borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 iştirak edərək izahatında, Borclu Xəzər rayon Məhkəməsinin e-2(011)-2972/2022-024 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən xəbərdar olduğunu, ondan Xəzər rayon İcra şöbəsində yazılı izahat alındığını, icra sənədi üzrə bu günə qədər 16212 (on altı min iki yüz on iki) manat aliment borcu yarandığını, indiyə kimi heç bir ödəniş edilmədiyinı, dəfələrlə axtarışa verildiyini, inzibati qaydada məsuliyyətə cəlb edildiyini, hazırda da qətnaməni üzrsüz səbəbdən icra etməkdən yayındığını, ona görə yenə axtarışa verildiyini bildirərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, borclu tərəfindən dörd il ərzində heç bir ödəniş edilməmiş, dəfələrlə şikayət etməsinə baxmayaraq heç bir nəticə olmamışdır. O, həmçinin borclunun izahatında qeyd olunanların yalan olduğunu, heç bir məbləğ ödənilmədiyini və onun heç vaxt uşaqları görməyə gəlmədiyini bildirmiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, borclu məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdimatın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin e-2(011)-2972/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında Qərarın və həmin tarixli Bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraat başalanılmış və borcluya qətnaməni dərhal icra etməsi təklif olunmuşdur. Bildiriş borclu tərəfindən imzalanmaqla şəxsən qəbul edilmişdir. Borclu izahatında qeyd edir ki, bəli icra sənədindən xəbərdaram, icra sənədi üzrə bu günədək 500 AZN ödəniş etmişəm, tam şəkildə icra etməməyin səbəbi, dəfələrlə uşağı görməyə gedəndə məni rəd ediblər və o səbəbdən ödəməyə imkan verməyiblər. İzahatda 16212 manat aliment borcu olduğu qeyd olunur. xx.xx.2024-cü il tarixdə Borclu tərəfindən Xəzər rayon İcra Şöbəsində verilmiş izahatda barəsində Xəzər rayon Məhkəməsinin e-2(011)-2972/2022-024 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin mövcudluğundan xəbərdar olduğunu bildirmişdir. Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Borclu Xəzər rayon Məhkəməsinin e-2(011)-2972/2022-024 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin könüllü icrasından yayınması və yaşayış ünvanının məlum olmaması səbəbilə borclunun axtarışa verilməsi barədə xx.xx.2023 və xx.xx.2024 tarixlərində qərar qəbul edilmiş və icra edilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilmişdir. Xəzər Rayon Polis idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda Borclu 3 sayl İstintaq Təcridxanasında saxlanıldığı qeyd olunmuş və Xəzər rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli 10519/21F nömrəli məktubla icra sənədi 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-2181/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu icra vərəqəsi üzrə icra məmurunun tələblərini yerinə yetirməməsi, yaranmış olan 11966 manat aliment borcunu ödəməkdən boyun qaçırması və icra şöbəsinə gəlməkdən boyun qaçırması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixində Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Xətai Rayon Məhkəməsinin e-2(011)-2972/2022-024 nömrəli icra sənədində qeyd olunmuş Borclu yaşayış ünvanına gedildiyi, lakin borclunun həmin ünvanda olmaması səbəbindən bunun icra üçün heç bir nəticə vermədiyi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli qərarla Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 Borclu barəsində yenidən axtarış haqqında qərar qəbul edilmiş və icra edilməsi üçün Xəzər Rayon Polis İdarəsinə gödərilmişdir. Göründüyü kimi, Borclu 2022-ci ildən bu günə kimi 16212 (on altı min iki yüz on iki) manat aliment borcu yarandığı, icra məmuru tərəfindən borcluya icraata başlamaq və könüllü icra haqqında bildirişin verildiyi, onun tərəfindən icra sənədinin üzrlü səbəb olmadan icra edilmədiyi, borclunun icra məmuru tərəfindən dəfələrlə axtarışa verildiyi, icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə məhkəmənin qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi və hazırda da icra sənədini icra etməkdən yayındığı üçün yenə axtarışda olduğu işdə iştirak edən şəxslərin izahatlar və iş materialları ilə təsdiq olunur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun üzrsüz səbəbdən ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə həmin icra sənədi icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2972/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunanadək, borclu xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar