Məhkəmə qərarları › İş №8(003)-275/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-275/2023

24.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-275/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-1260/2012 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1260/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən 2-ci tərəf, yəni Borclu 1-ci tərəfə , yəni "xxxx" MMC-yə 20 000 manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında ödəmənin aparılması aşağıdakı qaydada həyata keçirilir: 2-ci tərəf 1-ci tərəfə 10 000 manat nəğd şəkildə, yerdə qalan məbləği isə barışıq sazişi imzalandığı andan etibarən növbəti ayın eyni günündə, ilk dəfə 4000 manat, növbəti aylarda isə 3000 manat olmaqla ödəyir. Tələb borclu tərəfindən könüllü qaydada təmin edilmədiyindən məcburi icra tədbiri olaraq Xəzər rayon məhkəməsinin 2(003)- 1260/12 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə ona məxsus Mərdəkan qəsəbəsi 3/836 saylı 10 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq qiymətləndirilməsi üçün müraciət edilmişdir. Həmin əmlak "xxxx" MMC tərəfindən 50 000 manat dəyərində qiymətləndirilmişdir. Daha sonra sözügedən əmlak hərrac yolu ilə satılması təşkil olunmuşdur. Lakin əmlak satılmamışdır və "İcra Haqqında Qanunun" 53.3-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərə təklif olunmuşdır. Lakin tərəflər tərəfindən bu barədə heç bir müraciət daxil olmamışdır. Bundan sonra iş üzrə Borclu tərəfindən bu günədək cəmi 8000 (səkkiz min) manat ödəniş olunmuşdur. Qalıq məbləğin ödənilməsini borclu təmin etmədiyindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün yerli məhkəməyə təqdim olunmuşdur. Nəticədə həmin protokola inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Növbəti dəfə xx.xx.2023-cü il tarixdə yenidən inzibati xəta haqqında protiokol verilmişdir və borclu 500 manat məbləğində cərimə edilmişdir. Daha sonra borclunun gəlirləri ilə bağlı bank və kredit təşkilatlarına sorğu edilmişdir. Nəticədə ona məxsus heç bir gəlir aşkar olunmamışdır. İcra sənədinin icrasını təmin etmək mümkün olmadığından icra sənədi “İcra Haqqında "Qanunun 23.1.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Göstərilənlərə əsasən Borclu məxsus Mərdəkan qəsəbəsi 3/836 saylı 10 ha torpaq sahəsi üzərindən həbsin götürülməsi xahiş olunur. Məhkəmə iclasında Tələbkar MMC-nin nümayəndəsi T.T.Alıyev təqdimatın təmin edilməməsini xahiş etdi və izahatında göstərdi ki, borclu ayda 1000 manat olmaqla cəmi 12000 manat ödəməyi öhdəsinə götürsə də, hələ də öhdəliyini icra etməmişdir. İcra məmurunun geri qaytarılma barədə qərarından məhkəməyə şikayət edilmişdir. Bu səbəbdən hesab edir ki, borclunun əmlakı üzərinə qoyulmuş həbs götürülməməlidir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(103)-1260/2012 saylı icra vərəqəsinin surətindən görünür ki, 2-ci tərəf, yəni Borclu 1-ci tərəfə, yəni Tələbkar MMCyə 20000 manat ödəməyi öhdəsinə götürür. Tərəflər arasında ödəmənin aparılması bu qaydada həyata keçirilir: 2-ci tərəf 1-ci tərəfə 10000 manatı nağd şəkildə, yerdə qalan məbləği isə barışıq sazişi imzalandığı andan etibarən növbəti ayın eyni günündə, ilk dəfə 4000 manat, növbəti aylarda isə 3000 manat olmaqla ödəyir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-1260/2012 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək Borclu adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 3/836 saylı torpaq sahəsinin üzərinə həbs qoyulması və torpaq sahəsinin satılması qərara alınmışdır. -İcra işinin materiallarından görünür ki, icra sənədi xx.xx.2012-ci il tarixli 2(103)- 1260/2012 saylı icra sənədi xx.xx.2023-cü il tarixli qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə əsasən geri qaytarılmışdır. - Tələbkar MMC tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, tələbkar icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin ərizə ilə bağlı 8(003)-288/2023 saylı iş açılmışdır və məhkəmənin icraatındadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından və icra işinin materiallarından göründüyü kimi icra sənədi xx.xx.2023-cü il tarixli qərarla geri qaytarılmışdır. Qanunvericiliyə əsasən həmin qərardan şikayət vermə müddəti onun surətini aldıqdan 30 gün müddətində nəzərdə tutulmuşdur. Tələbkar tərəfindən həmin qərardan şikayət verilmiş, şikayət ərizəsinin icraata qəbulu mümkün hesab edilmiş və iş üzrə iclas təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həbsin götürülməsinə əsas ola biləcək icra məmurunun icra sənədinin qaytarılması barədə qərarı münahisələndirildiyindən hazırkı məqamda borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi məqsədəmüvafiq deyildir və bu səbəbdən də təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-1260/2012 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-1260/2012 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar