Məhkəmə qərarları › İş №8(003)-278/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-278/2023

22.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-278/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-530/2023 saylı icra sənədinə əsasən X1 xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına edilən maneələr Borclu qadağan edilməklə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 11:00dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. Həmin tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Həmçinin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu barəsində xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə qərarı qəbul edilərək onun ünvanına göndərilmiş, sonuncu tərəfindən həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında tələbkar Z.B.Bayramov təqdimatın təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, borclu icra sənədini icra etməkdən boyun qaçırır. Uşaqların onunla görüşməsinə şərait yaratmır. O, dəfələrlə icra məmurunun yanına gələrək uşaqları ilə görüşmək istəsə də, borclu uşaqları gətirməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(103)-530/2023 saylı icra vərəqəsindən görünür ki, X2 xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına edilən maneələr Borclu qadağan edilməklə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 11:00-dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Təqdimata əlavə olunan İcraata başlama haqqında qərardan, tələbin könüllü icrası barədə bildirişdən və məcburi gətirilmə barədə qərardan görünür ki, borcluya Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixdə şəxsən alınmışdır. Həmçinin görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə icra şöbəsində olarkən izahat vermiş və icra sənədindən həmin gün məlumatı olmasını bildirmişdir. İcra şöbəsi tərəfindən borcluya uşaqlarla görüş günü barədə məlumat verilmiş, lakin o, uşaqları görüşə gətirməmişdir. İş materiallarında olan icra məmurlarının iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, borcluya rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq təyin edilmiş vaxtda uşaqları görüş üçün gətirməmişdir. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə qeyd edir ki, borcluya Bakı Apellyasiya Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsinə və icra şöbəsinə gəlmədiyi təqdirdə məcburi gətirilməsi barədə tədbir görüləcəyi barədə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməməklə icra məmurunun çağırışları üzrə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.2023-cü il tarixli, 16(103)-530/2023 nömrəli icra sənədi üzrə borclu, xx.xx.1994cü il təvəllüdlü Borclu Bakı şəhəri Xəzər rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar