Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-280/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2646/2023 saylı qətnaməsi üzrə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.3 və 20.2-ci maddələri rəhbər tutularaq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2646/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Tələbkar "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, icra sənədi icrasının təmin edilməsindən ötrü aidiyyəti üzrə Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Şöbənin icra məmuru Elvin Fərzəliyev borclu X2 vəfat etdiyini əsas gətirərək, icra sənədinin icraatına xitam verilməsi haqqında qərar qəbul etmişdir. Qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, şəxs vəfat etmiş olsa belə, icra məmuru borclunun ölümündən sonra vərəsəlik işinin açılıb — açılmaması, əmlak vəziyyəti, nikahda olub — olmaması, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakının olub — olmaması barədə məlumatın əldə edilməsi üçün sorğular etməmiş, icra işinə möhtəbər sübutlar əlavə etməmişdir (Elektron İnformasiya portalından çıxarışda “məlumat yoxdur” qeyd edilməsi, şəxsin vərəsələrinin olub — olmamasını sübuta yetirmir). Həmçinin icra məmuru tərəfindən borclunun mülkiyyətində olan əmlakların hərtərəfli axtarışı barədə aidiyyatı təşkilat və orqanlara sorğular verilməmişdir. Belə ki borclunun mülkiyyətində olan elə əmlaklar ola bilər ki, onların qeydiyyatını Kənd Təsərrüfatı Nazirliyi və ya Fövqəladə Hallar Nazirliyi qeydiyyata alır. Nəticədə həmin əmlaklar elektron informasiya sistemində çıxmadığından aidiyyatı orqanlara sorğu verilməsi zərurətini yaradır. Göründüyü kimi icra məmuru icra sənədinin icraatına xitam verərkən iş üzrə tam araşdırma aparmamış, müvafiq sorğular verməmiş və xitam barədə qərar qəbul etmişdir. Nəticədə icra qurumunun qeyd edilən qərarı tələbkarın mənafeyinə ciddi xələl gətirir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Göründüyü kimi icra qurumunun yuxarıda qeyd olunan qanunvericliyin tələblərinə riayət etməməsi hüquqi şəxs kimi bankın hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin tələbkarın xeyrinə çıxarılmış məhkəmə qərarının icra edilməməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə Burdov Rusiyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətiməməlidir. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq, vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. Həmin mövqeyini təkrarlayaraq Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı). İcra məmurunun xitam barədə qərarı Banka xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2646/2023 saylı qətnaməsinin surətindən görünür ki, borclu X1 tələbkar "xxxx" ASC-nin xeyrinə cəmi 505,07 manat və dövlət rüsumuna görə 30,40 manat məbləğində pul tutulmalıdır. -Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2646/2023 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, icra məmurunun qərarı əsassızdır. İcra məmuru tərəfindən icra qeydi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilərkən borclunun öhdəliyini tam şəkildə yerinə yetirmədiyi faktı nəzərə alınmamışdır. Borclu ölmüş olsa belə, onun hüquq varisinin müəyyən edilməsi istiqamətində işlər aparılmamış, icra sənədi üzrə hüquq münasibətinin hüquq varisliyinə yol verilən işlərə aid olması nəzərə alınmamışdır. Bu da icra məmurunun qərarının ləğv edilməsi üçün əsas yaradır. “İcra haqqında” Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5 və 20.6-cı maddələrinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan icraata xitam verilməsi barədə qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, icra məmurunun icraatında olan iş üzrə qəbul edilmiş məhkəmə aktı tam şəkildə icra edildikdə icra sənədi üzrə icraata xitam verilir. Hazırkı şikayətin dəlillərindən isə görünür ki, icra məmuru icraatında olan iş üzrə icra sənədi tam şəkildə icra olunmadan icra sənədi üzrə icraata xitam vermişdir. Beləliklə icra məmuru tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2646/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2646/2023 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-280/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-280/2024
21.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver