Məhkəmə qərarları › İş №8(003)-298/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-298/2023

22.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-298/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadə – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3362/2018 saylı icra sənədinə əsasən Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi xx.xx.2020-cİ il tarixdə Xəzər rayon İcra Şöbəsinə daxil olmuş və icraat icra məmuru tərəfindən davam etdirilmişdir. Borclu icra şöbəsinə gəlməkdən mütəmadi yayındığına görə barəsində axtarışlar elan edilmişdir. Barəsində 10 gün müddətə inzibati həbs də tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixdə borclu şöbəyə gəlmiş və izahatında xx.xx.2021-ci il tarixinə 1000 manat ödəniş edəcəyini qeyd etmiş və bununla bağlı iltizam da vermişdir. Daha sonra borclu borcundan xx.xx.2023-cü il tarixinə qismən ödəniş edəcəyini söz verərək xx.xx.2023-cü il tarixdə iltizam vermişdir. Lakin, borclu həmin gündən bu günədək heç bir ödəniş qəbzi təqdim etməmişdir. Hazırda icra sənədi üzrə yaranmış borc 15913 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3362/2018 saylı xx.xx.2018-cı il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 135 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. -Sumqayıt şəhər İcra Şöbəsinin icra məmuru Abusət Qasımovun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-3362/2018 saylı icra sənədi üzrə icra icraatına başlanılaraq Borclu icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(060)-1987/2020 saylı qərarının surətindən görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. -Xəzər rayon İcra Şöbəsinin icra məmurunun borclunun axtarışı barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. - Borclu tərəfindən verilmiş izahat və iltizamlardan görünür ki, o, borcundan xəbərdardır və hissə-hissə ödənişlər edəcəyini bildirmişdir. - Sumqayıt şəhər İcra Şöbəsinin icra məmuru Şirəli Pirəliyevin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3362/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi ərazi aidiyyatı üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Təqdimata əlavə olunan sənədlərdən görünür ki, Sumqayıt şəhəri İcra şöbəsinin icra məmuru xx.xx.2018-ci il tarixli 2(003)-3362/2018 saylı icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərmişdir. Lakin, Borclu icra sənədini könüllü icra etməmiş, onu icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Onun barəsində dəfələrlə axtarış elan edilmiş, barəsində protokol tərtib edilərək məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Sonradan icra sənədi aidiyyatı üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. Bu günə kimi onun tərəfindən icra sənədi üzrsüz səbəbdən tam olaraq icra edilməmişdir. Borclu bütün xəbərdarlıqlara baxmayaraq icra sənədini icra etməkdən qəsdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarından məlum olur ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüquqi ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini könüllü icra etməməsi müəyyən olunduğundan məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar