Məhkəmə qərarları › İş №8(003)-307/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-307/2022

20.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-307/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev– Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 649/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 7000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X3 icra sənədi üzrə borcun borclu tərəfindən qaytarılmadığını, həmçinin hazırda borclunun 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini bildirərək təqdimatın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bakı şəhəri Xəzər rayon icra şöbəsi və iş üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsinin və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)- 649/2021 saylı icra sənədinin surətindən görünür ki, Borclu 6700 manat maddi ziyan, 300 manat mənəvi zərər və 30 manat ödənilmiş dövlət rüsumu tələbkar X1 xeyrinə tutulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, icra sənədi üzrə borc ödənilməmiş və borclu hazırda cəzaçəkmə müəssisəsində cəzaçəkir. Eyni zamanda təqdimata əlavə edilmiş sənədlərdən icra sənədi üzrə borcun ödənilməsinin tələb edilməsi barədə borcluya bilidirişin, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın təqdim edilməsi (göndərilməsi) müəyyən edilmir. Bununla da müəyyən edilir ki, icra sənədinin icrasının təmin edilməsinə yönəlmiş müvafiq hərəkətlər icra məmuru tərəfindən edilmədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar