Məhkəmə qərarları › İş №8(003)-33/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-33/2023

02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-33/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Tələbkar "xxxx" BOKT MMC-nin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyənetdi: Xəzər Rayon Məhkəməsinin 12 may 2016-ci il tarixli 2(003)-1545/2016 saylı qətnaməsinə əsasən X1, X2 və X4 3911,43 ABŞ dolları əsas, 1276,33 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, ümumi 5387,76 ABŞ dolları məbləğində borcu "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Qətnamə qanuni qüvvəsini alaraq, iş Xəzər Rayon Məhkəməsi tərəfindən, Xəzər Rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Lakin xx.xx.2017-ci il tarixdə Xəzər rayon İcra Şöbəsi tərəfindən 2(003)-1545 saylı xx.xx.2016-ci il tarixli icra sənədi icra olunmadan geri qaytarılmışdır. "xxxx" BOKT MMC Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarın ləğv olunması haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Xəzər Rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilən xx.xx.2017-ci il tarixli 2(003)-1545 saylı xx.xx.2016-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərarın ləğv olunması və 2(003)-1545/2016 saylı 12 may 2016-ci il tarixli qətnamənin icra olunması üçün, həmin işin yenidən Xəzər Rayon İcra şöbəsinə göndərilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru və borclu şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, icra məmurunun qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xəzər rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli il tarixli icra sənədinə əsasən X1, X2 və X4 3911,43 ABŞ dolları əsas, 1276,33 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, ümumi 5387,76 ABŞ dolları məbləğində borcu "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin 12 may 2016-ci il tarixli 2(003)-1545/2016 saylı icra sənədi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Göründüyü kimi, icra sənədi icra edilmədən, məhkəməyə geri qaytarılmışdır. İcra məmuru öz qərarını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsi ilə (borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarılır) əsaslandırmışdır. Lakin icra işindən görünür ki, icra məmuru icra sənədinin icra olunması zamanı tərəflərin icra hərəkətlərinin həyata keçirilməsində, iştirak etmək hüquqlarına malik olmasına baxmayaraq, tələbkarın nümayəndəsinin iştirakını təmin etmədən müvafiq aktı tərtib etmişdir. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, ərizə əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 32-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət həddində hərəkət edən orqanları və ya vəzifəli şəxsləri yaxud onların nümayəndələri vasitəsilə icraatda iştirak edirlər. Hüquqi şəxsləri təmsil edən şəxslərin onların səlahiyyətlərini təsdiq edən sənədləri olmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tələbkarın icra hərəkətlərində iştirak etmək hüququ təmin edilmədiyindən, icra haqqında Qanunun tələblərinə riayət edilməməklə icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xəzər rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-cı maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Xəzər Rayon Məhkəməsinin 12 may 2016-ci il tarixli 2(003)-1545/2016 saylı icra sənədi üzrə “icra sənədinin qaytarılması barədə” Xəzər rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsin. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədi icra icraatının davam etdirilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar