Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-337/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X2 iştirakı ilə, İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5894/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Chevrolet Aveo” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5894/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 11474,68 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu oglunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu oglu məxsus olan " Chevrolet Aveo" minik markal, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X3 izahatında bildirdi ki, hal-hazıradək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5894/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi borclu tərəfindən icra edilməmişdir. Ona görə də təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi Bakı şəhəri Xəzər rayon icra şöbəsinə və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra şöbəsinin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5894/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X1 və Borclu oglundan müştərək qaydada 8688,05 ABŞ dolları əsas, 2736,63 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə, dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq tələbkar "xxxx" İKB (hazırda "xxxx") ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, borclunun adına “Chevrolet Aveo” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. “İcra haqqında” Qanunun (bundan sonra-Qanun) 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Qanunun 44.1-ci maddəsinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Qanunun 44.2-ci maddəsinə əsasən həmin Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Hazırki işin hallarından görünür ki, iş üzrə borclu fiziki şəxsdir, yerinə yetirilməli olan icra hərəkəti isə tələbkarın xeyrinə pul tutulmasından ibarətdir. İcra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra şöbəsi tərəfindən borcluya məxsus cari hesablardakı pul vəsaitlərinin, bank rekvizitlərinin, eləcə də cari və hesablaşma hesablarının, olub-olmaması barədə müxtəlif instansiyalara sorğuların olunması qeyd etsə də bununla bağlı hər hansı bir sənəd təqdimta əlavə edilməmişdir. Odur ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmək mümkün deyildir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən borclu şəxsin adına pul vəsaitlərinin olub-olmamasının müəyyənləşdirilməsinə yönəlmiş hərtərəfli icra hərəkətlərinin aparıldığı görünmür. Məhkəmə həmçinin qeyd edir ki, borclunun icra şöbəsinə çağırılmasını təsdiq edən bildirişin göndərilməsi, həmin bildirişin borcluya catdırılması barədə sənəd təqdimata əlavə edilmədiyindən və borclunun borcunun ödənilməsini təmin etmək üçün yetərli pul vəsaitinin olub-olmaması halları araşdırılmadığından təqdimat təmin edilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icra qanunvericiliyinin prinsiplərinə riayət olunmamış, borclu onun barəsində icra sənədi üzrə icraatın olması ilə bağlı rəsmi qaydada xəbardar edilməmiş, borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmaması tam araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5894/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Chevrolet Aveo” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(003)-337/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-337/2022
15.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver