Məhkəmə qərarları › İş №8(003)-344/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-344/2025

09.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-344/2025 09.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Tələbkar X1 Borclu iştirakı ilə, Tələbkar X1 Borclu qarşı “alimentin icra qaydasında indeksləşdirilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi

1. X2 Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcludan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 200,0 (iki yüz) manat, cəmi 400,0 (dörd yüz) manat məbləğində sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə Borclu arasında bağlanmış nikah pozulmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2140/2023 saylı qətnaməsi ilə Borclu xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200,0 manat, cəmi 400,0 manat manat sabit pul məbləğində aliment ərizəçinin xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği uşaqların artan sosial və digər xərcləri üçün kifayət etmir, geyim, yemək digər xərclər üçün hər ay 800 manat xərci çıxır, cavabdeh Borclu bu xərclərin ödənilməsində köməklik göstərmir. Aliment miqdarının indeksasiyasına ehtiyac yaranmışdır.

3. Məhkəmə iclasında iştirak edən tələbkar X2 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Borclu tələbi qəbul etməyərək, ərizənin təmin olunmamasını xahiş etmişdir. O, həmçinin izahatında eyni evdə yaşadıqlarını, uşaqların büütün tələbatlarını ödədiyini bildirmişdir.

5. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

6. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(003)-2140/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh Borclu iddiaçı X1 xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 200,0 manat, cəmi 400,0 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

7. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

10. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli, 3708 saylı Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 (üç yüz qırx beş) manat müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

12. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tələbkar ilə borclunun birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan sabit məbləğdə alimentin tutularaq tələbkara verilməsinə dair məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya olunmasının tələb edilməsi qanuna uyğundur.

13. Belə ki, məhkəmə tərəfindən müəyyən olunur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi əsasında iki uşağın saxlanması üçün borcludan hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmuşdur. Qətnamənin qəbul edildiyi 2023-cü il üçün ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat təşkil etmişdir. Yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının bir uşaq üçün (200:345) 0,58 misli, cəmi (400:345) 1,16 mislini təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya olunmalıdır. 14.Məhkəmə həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci bəndinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən də, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə hesab edir ki, eyni hüquqi mövqe analoji olaraq alimentin indeksasiya edilmiş məbləğdə tutulmasına da şamil edilməli, bu səbəbdən alimentin indeksasiya edilmiş məbləğdə tutulması hazırki ərizə ilə məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. 15.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2140/2023 saylı qətnaməsi ilə xx.xx.2007ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli olmaqla, cəmi 1,16 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsini rəhbər tutaraq, məhkəmə

Qərara aldı

Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-2140/2023 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,58 misli olmaqla, cəmi 1,16 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar