Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-352/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X2, Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin, X1 iştirakı ilə, X2 Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra edilmiş icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyənetdi: X6 şikayət ilə müraciət edərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin qaytarılması barədə Xəzər rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, qeyd olunmuş icra vərəqəsinin icraatının təzələnməsini və yenidən icraata göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun ərizəsinə əsasən Xəzər rayon Məhkəməsinin 2(003)201/2013 saylı, xx.xx.2013-cü il tarixli İcra vərəqəsi (hakim: cənab Əkrəm Qəhrəmanov) xx.xx.2019-cu il tarixdə icraata yönəldilmişdir. Xəzər rayon Məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli İcra vərəqəsinə əsasən, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binə qəsəbəsi, R. Məmmədhüseynov küçəsi, ev 2, 22 saylı mənzil hərracda satılmalı, satışdan əldə olunan vəsait tərəflər o, tələbkar X17 ilə X4 arasında bərabər bölünməlidir. Yuxarıda qeyd olunan icra sənədi Xəzər rayon İcra Şöbəsinə daxil olandan sonra onun icrası icra məmuru xanım Şəfəq Neymətzadəyə həvalə edilmişdir. 3 ildən sonra icra məmuru Şəfəq Neymətzadə yuxarıda qeyd olunmuş icra sənədinin icra olunmasının mümkün olmamasını əsas gətirərək onun məhkəməyə geri qaytarılması barədə17123/20Ş saylı, xx.xx.2022-ci il tarixli qərar etmişdir. O, tələbkar olaraq Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin yuxarıda qeyd olunmuş icra vərəqəsinin məhkəməyə qaytarılması barədə 17123/20Ş saylı, xx.xx.2022-ci il tarixli qərarını aşağıdakı dəlillərə əsasən, ədalətsiz və qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunmuş qərar hesab edir. Çünki, yuxarıda qeyd olunmuş icra vərəqəsinə əsasən borclu olan X13 müxtəlif vasitələrlə icra prosesinə maneçilik törətmiş, lakin icra məmuru və icra qurumu borclunun bu qanunazidd hərəkətlərini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən rəsmiləşdirməmişdir. Borclunun yuxarıda qeyd olunmuş icra sənədinin icrasında maraqlı olmadığı və bu səbəbdən də icraya müxtəlif bəhanələrlə mane olması, icra məmurunun buna göz yumması və qanunamüvafiq tədbirlər görməməsi barədə icra prosesi zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, AR Ədliyyə Nazirliyinə, İcra Baş İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinə və Xəzər rayon İcra Şöbəsinə dəfələrlə rəsmi olaraq müraciət etmişdir. Yuxarı instansiyalara etdiyi müraciətlər tədbir görülməsi üçün Xəzər rayon İcra şöbəsinə göndərilsə də bununla bağlı heç bir tədbir görülməmişdir. Bunu da diqqətə çatdırır ki, o, tələbkar xx.xx.2013-cü il tarixdə barəsində məhkəmə qərarı olan mənzili tərk etmişdir. Lakin, borclu Ağayeva (Qurbanova) Hökümə Həbulla qızı hal-hazırda da yuxarıda qeyd olunan mənzildə yaşayır və həmin mənzilin satılmasında maraqlı tərəf deyildir. Bu səbəbdən də borclu hər vasitə ilə qeyd olunan icra sənədinin icrasına mane olur. Məsələn: Borclu bilərəkdən qeyd olunan mənzili antisanitariya şəraitində - natəmiz saxlayır ki, mənzilə baxmağa gələn müştərilər mənzili almaq fikrindən vaz keçsinlər. Bundan əlavə, mənzilə baxmağa gələn müştərilərə açıq-aşkar deyir ki, o bu mənzildən çıxmayacaq və s. Sual olunur: Belə olan halda hansı müştəridə antisanitariya şəraitində olan və problemi olan mənzili almaq istəyi yaranacaq? Birinci dəlil: Xəzər rayon İcra şöbəsinin məmuru xanım Şəfəq Neymətzadə tərəfindən X4na tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli, 170734/2 saylı məktub göndərilsə də borclu tələbin könüllü icrasından imtina etmişdir. O, şəxsən özü sözügedən mənzilə müştəri aparmışdır. X4 həmin müştəriyə demişdir ki, evdə nəmişlik var. Bundan əlavə o, evi 80.000 (səksən min) manata satdığını demişdir. Müştəri də qayıdıb demişdir ki, o həmin qiymətə iki yerdə iki mənzil alar. İkinci dəlil: İcraçının qiymətləndiricinin dəvət edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarında qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulması qeyd olunsa da borclu qeyd olunan xərci ödəməkdən imtina demişdir. İcra məmuruna bu barədə məlumat versə də o, borclu barədə heç bir tədbir görməmiş və o məcbur qalıb bütün qiymətləndirmə xərcini özü ödəmişdir ki, təki icra sənədi icra olsun və yubanmasın. Sual olunur: İcra məmuru bununla bağlı niyə qanunamüvafiq tədbirlər görməmişdir? Çünki icra məmuru da borclu qədər yuxarıda qeyd olunan icra sənədinin icrasında maraqlı olmamışdır. Yuxarıda qeyd olunmuş məhkəmə qərarı icra edilmədiyinə görə o, xx.xx.2014-cü il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi 31 yanvar 2019-cu il tarixdə 45002/14 saylı işlə əlaqədar Azərbaycan hökumətinin birtərəfli bəyannaməsinə əsasən onun işinin işlərin siyahısından çıxarmaq barədə qərar qəbul etmişdir. Azərbaycan hökuməti yuxarıda qeyd olunan işlə əlaqədar məhkəməyə təqdim etdiyi bəyannaməsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrasının gecikdirilməsi faktını qəbul etmiş və qeyd olunan məhkəmə qərarının icra olunması öhdəliyini üzərinə götürmüşdür. Üçüncü dəlil: O, 30 noyabr 2020-ci il tarixdə “X11” MMC-nin direktor müavini X24 ilə (əlaqə telefonu: *** *** ** **) telefon əlaqəsi saxlayaraq yuxarıda qeyd olunan mənzilin hərracda satılıb-satılmaması ilə maraqlanmışdır. X24 deyib ki, mənzil satılmamışdır və əlavə edib ki, müştəri göndərmişlər ki, mənzilə baxsın, X4 ona bildirib ki, o mənzilin satılmasına razı deyil və o, mənzildən çıxmayacaqdır. Həmin müştəri onu da əlavə edib ki, həmin mənzildən pis qoxu gəlir. Bir sözlə müştəri qeyd olunan mənzili almaq fikrindən vaz keçmişdir. O da X24yə demişdir ki, borclu bilərəkdən həmin mənzildə antisanitariya vəziyyətini yaratmaqla, o bu mənzilin satılmasına razı deyil və o, bu mənzildən çıxmayacağını deməklə müştəriləri qaçırır və bununla da əslində icra sənədinin icrasına hər vasitə ilə mane olur. Bu barədə yuxarıda qeyd olunmuş icra sənədinin icrası ilə məşğul olan icra məmuru xanım Şəfəq Neymətzadə də çox yaxşı bilir ki, borclu qeyd olunan mənzilin satılmasında maraqlı tərəf deyil və müxtəlif bəhanə və hərəkətlərlə onun satılmasını əngəlləyərək əslində icraya mane olur. Çünki vaxtında bu barədə o, tələbkar olaraq icraçıya tam təfsilatı ilə məlumat vermişdir. Hərracdan əvvəl 27 noyabr 2020-ci il tarixdə saat 14:33-də ona zəng edərək özünü “X11” MMC-nin hərrac mərkəzinin meneceri kimi təqdim edən cənab Anar Cəlilov (əlaqə tel,: *** *** ** **) ondan barəsində qanuni qüvvəsini almış məhkəmə qərarı olan mənzilin hərracda satılmasına X4nın razılığı olub-olmaması və icra sənədinə əsasən hərracda olan mənzil satıldığı təqdirdə həmin mənzildə yaşayan X4nın öz xoşu ilə həmin mənzili tərk edərək boşaldıb və ya boşaltmayacağı ilə maraqlanmışdır. Sual olunur: Qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunması üçün borclunun razılığı tələb olunurmu? Bütün yuxarıda qeyd edilən faktlar sübut edir ki, X4 Xəzər Rayon Məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli İcra sənədinin icra olunmasına hər vasitə ilə mane olur. Bütün bunlar barədə vaxtında icraçıya məlumat versə də icraçı borclunun bu qanunazidd hərəkətlərini məqsədyönlü olaraq rəsmiləşdirməmişdir. Amma icraçı birbaşa və ya dolayısı ilə icraya mane olan X4 barəsində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görməli idi. Çünki, məhkəmə və digər orqanların qərarlarının icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Sual olunur: İcra məmuru xanım Şəfəq Neymətzadə X4nın hər vasitə ilə Xəzər Rayon Məhkəməsinin 2(003)201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icra olunmasına maneçilik törətməsi ilə bağlı hər hansısa qanunamüvafiq bir tədbir görmüşdürmü? Xeyr! Heç bir tədbir görməmişdir. Sonuncu hərrac xx.xx.2022-ci il tarixdə keçirilmişdir. Sonuncu hərracdan 9.5 ay müddət keçəndən sonra isə icra məmuru yuxarıda qeyd olunmuş icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir. Sual olunur: Hansı hüquqi əsaslarla icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsi prosesi bu qədər uzun müddətə gecikdirilmişdir? Xəzər Rayon Məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi 10 ildir ki, icra olunmur. O, tələbkar olaraq necə il gözləməlidir ki, yuxarıda qeyd olunmuş icra sənədi icra olunsun? Ümumiyyətlə, insan neçə il ömür sürür ki, onun da 10-15 ilini bir məhkəmə qərarının icrasına həsr etsin? “İcra haqqında” AR Qanununun 1.1-ci maddəsində göstərilir: “İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır”. Sual olunur: Əgər qanuni qüvvəsini almış bir məhkəmə qərarı 10 il müddətində icra olunmursa, bu hamının qanun qarşısında bərabərliyi, obyektivlik və ədalətlilik prinsiplərinə əsaslanmasımı deməkdir? Bəs harada qaldı qanunun alililiyi prinsipi? Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə Xəzər rayon Məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin məhkəməyə geri qaytarılması barədə Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin 17123/20Ş saylı xx.xx.2022-ci 11 tarixli qərarının ləğv edilməsi, qeyd olunmuş icra vərəqəsinin icraatının təzələnməsi və yenidən icraata göndərilməsi barədə qərar qəbul etməlidir. X6 məhkəmə iclasında şikayət ərizəsini müdafiəe edərək şikayətin təmin edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında şikayətin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə məhkəmə iclasında şikayətin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, icra məmurunun qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cu il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küç, ev 2, 22 saylı mənzil açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait tərəflər arasında bölünməlidir. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cu il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küç, ev 2, 22 saylı mənzil açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait tərəflər arasında bölünməlidir. Qeyd olunan icra vərəqəsi üzrə icraata başlanılmışdır və xx.xx.2019-cu il tarixli qiymətlədiricinin dəvət olunması barədə qərara əsasən, sözügedən əmlak qiymətləndirilməsi üçün "xxxx" MMC şirkətinə göndərilmişdir. Nəticədə həmin əmlak 40000 manat məbləğində qiymətləndirilmişdir. Daha sonra xx.xx.2020ci il tarixdə əmlak hərracın keçirilməsi üçün "xxxx" Şirkətlər qrupu MMC-yə göndərilmişdir. Hərrac təşkilatının xx.xx.2020-ci il tarixli, 552/233 saylı məktubuna əsasən Bakı şəhəri, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 2, 22 saylı mənzil xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 40000 manata, xx.xx.2020-ci il tarixində 20% endirimlə 32000 manata, xx.xx.2020-ci il tarixində ilkin satış qiyməti 30% endirməklə 28000 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə həmin əmlak təkrar hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Nəticədə xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 40000 manat, xx.xx.2022-ci il tarixdə isə keçirilmiş hərracda ilkin satış qiyməti 20% endirimlə 32000 manata, xx.xx.2022-ci il tarixində ilkin satış qiyməti 30% endirməklə 28000 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Lakin həmin mənzil "xxxx" MMC tərəfindən satılmadığından “İcra Haqqında” Qanunun 53.3-cu maaddəsinə əsasən tərəflərə təklif olunması məqsədi ilə Xəzər rayon icra şöbəsinə qaytarılmışdır. İcra vərəqəsi üzrə həm tələbkar X15, həm də cavabdeh X5 rayon icra şöbəsinə təqdim etdikləri müvafiq olaraq xx.xx.2022-ci İl xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələri ilə həmin mənzili maddi imkanlarının olmaması səbəbindən fərqi ödəmək şərti ilə qəbul etməkdən imtina etmişlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq sözugedən icra vərəqəsinin icrası mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70-cı maddəsinin 70.4 bəndinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda icra məmuru icra sənədini məhkəmə və ya icra sənədini vermiş digər orqana geri qaytarır. Odur ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70-cı maddəsinə əsasən Xəzər rayon Məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cu il il tarixli icra vərəqəsinin geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi, icra sənədi icra edilmədən, məhkəməyə geri qaytarılmışdır. Həmçinin icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən, qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburi olduğundan, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburi sayıldığından, icra haqqında Qanunun tələblərinə riayət edilməməklə icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Xəzər rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xəzər rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Xəzər rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-201/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi icra icraatının davam etdirilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-352/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-352/2022
12.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver