Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-367/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3379/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3379/2021 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başalayaraq Borclu hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Həmçinin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3379/2021 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Borclu iddiaçı X1 xeyrinə hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borcluya Xəzər Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası barədə bildiriş rəsmi qaydada təqdim edilmişdir. Həmçinin görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, borcluya icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsinə və icra şöbəsinə gəlmədiyi təqdirdə məcburi gətirilməsi barədə tədbir görüləcəyi barədə xəbərdarlıq olunmasına baxmayaraq nə qanunla müəyyən edilmiş müddətdə, nə də keçən müddət ərzində icra sənədinin icrasını təmin etməməklə icra məmurunun çağırışları üzrə gəlməkdən üzürsüz səbəbdən yayınmışdir. Məhz bu hərəkətləri ilə borclu icra sənədinin icrasını mümkünsüz etdiyindən məhkəmə hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3379/2021 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədinə əsasən xx.xx.1975-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(003)-367/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-367/2022
08.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver