Məhkəmə qərarları › İş №8(003)-368/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-368/2024

15.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-368/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasovun icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi Borclu məxsus “RENAULT 12 MİNİK” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3008/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə Borclu 260000 (iki yüz altmış min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)- 257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “RENAULT 12 MİNİK” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək, icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus olan “RENAULT 12 MİNİK” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə Xəzər Rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3008/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə Borclu 260000 (iki yüz altmış min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, Borclu məxsus “RENAULT 12 MİNİK” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra sənədinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3008/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardan və tələbkarın təqdimata əlavə edilmiş ərizəsindən görünür ki, o, icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə icra sənədi üzrə tələbkarın icra səndinin geri qaytarılmasını xahiş etdiyini, icra sənədi üzrə icra sənidinin geri qaytarıldığını, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, Borclu məxsus “RENAULT 12 MİNİK” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “RENAULT 12 MİNİK” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar