Məhkəmə qərarları › İş №8(003)-380/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-380/2024

04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-380/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Şikayət vermiş şəxs Seyid-zadə Rauf Nağı oğlunun, Şikayət vermiş şəxsin etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 18 oktyabr 2024-cü il tarixli qərarından tələbkar Seyid-zadə Rauf Nağı oğlunun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Seyid-zadə Rauf Nağı oğlunun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 18 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 58/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X1 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunmalı və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır. Tələbkar Seyid-zadə Rauf Nağı oğlu şöbəyə müraciət edərək tərəf olduğu icra sənədinin tam icra olunmadığını, bağ sahəsinin əvvəlki vəziyyətə gətirilmədiyini və maşınla bağ sahəsinə daxil ola bilmədiyini bildirərək mübahisəli bağ sahəsinin qarşısında inşa edilmiş qanunsuz tikililərin sökülməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən izah verilməsi üçün məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən icra sənədinə izah verilməsinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. İcra məmuru öz qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən izah verilməkdən imtina edilmişdirsə, demək icra hərəkətlərini bitmiş hesab etmək olar və icraata xitam verilməlidir. Lakin qeyd edilməlidir ki, məhkəmə qətnaməsi tam şəkildə icra edilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə tam olaraq sökülməmişdir. Bundan əlavə icra məmuru bağa girişin tam olaraq bərpa edilməsini bildirsə də, lakin bağa giriş bərpa edilməmişdir. Belə ki, darvazanın yeri dəyişdirilsə də, lakin bağa giriş fiziki şəkildə mümkün deyildir. Bunu şikayətə əlavə edilmiş fotoşəkillərdə də aydın görmək mümkündür. İcra məmuru icraya xitam verərkən AR İcra haqqında qanunun 20.1.5-ci maddəsinə istinad etmişdir. Həmin maddənin də məzmunundan görünür ki, icra sənədi tam şəkildə icra olunduqda icraata xitam verilir. İcra məmurunun qətnamənin izah edilməsi ilə bağlı məhkəməyə müraciəti də icranın tam şəkildə həyata keçirilmədiyini, icra işlərinin başa çatdırılmadığını bir daha sübut edir. Bundan əlavə şikayətdə qeyd edilir ki, AR İcra haqqında Qanunun 20-ci maddəsi icraata xitam verilməsinin əsasları və qaydasını müəyyən edir və həmin maddədə icranın həyata keçirilməsi ilə bağlı, qətnamənin izah edilməsinə dair icra məmurunun ərizəsinə izah verilməsindən imtinanın icraata xitam verilməsi üçün əsas olmasına dair hər hansı bir müddəa yoxdur. xx.xx.2020-ci il tarixdən indiyədək qətnamənin icrası qəsdən yubadılır, qətnamə qəsdən icra edilmir. Dəfələrlə edilən müraciətlər də heç bir nəticə vermir. Məhkəmə baxışı zamanı tikintilərin qanunsuz olması, bağa girişin bərpa edilməsi və bağın əvvəlki vəziyyətə gətirilməsinin zəruriliyi təsbit olunsa da, qətnamə qanuni qüvvəyə minsə də, lakin icra olunmur. Qeyd edilənlərə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair 18 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Seyid-zadə Rauf Nağı oğlu və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdirlər. Şikayətə baxılma yeri və vaxtı barədə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə rəsmi məlumat verilməsinı baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onun iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1.23 metr məsafədə cavabdeh X1 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunmalı və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılmalıdır İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 18 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 29 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələblərin tam yerinə yetirilməsi üçün orada yerləşən ticarət obyektində əsaslı konstruktiv təmir işləri görülməlidir.Borclunun nümayəndəsi icra sənədinin tam icra edilməsi üçün borcluya müəyyən qədər vaxt verilməsini xahiş etmişdir. Bu səbəbdən icra sənədinin icrası 10 gün müddətinə təxir edilmişdir. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələb üzrə orada yerləşən ticarət obyektinin bir hissəsi sökülməyə başlanılmışdır, içəridə ərzaq malları olduğundan həmin ticarət obyekti borclu tərəfindən digər şəxsə icarə müqaviləsi əsasında icarəyə verilmişdir. İcarədar içəridə xarab olan ərzaq məhsullarının çox olmasını və həmin məhsulların hissə-hissə oradan çıxarılmaqla söküntüyə maneçilik tərətməyəcəyini nəzərə almağı xahiş etmişdir. İş materiallarında olan 19 avqust 2024-cü il tarixli aktın surətindən görünür ki, Seyidzadə Rauf Nağı oğlunun bağ sahəsinin qarşısında X2 tərəfindən tikilmiş tikililər 1.23 metr məsafədə sökülmüşdür. İcra yerində olan borclu tərəf bildirmişdir ki, icra sənədində göstərilən qaydada tikililər sökülmüşdür. İcra sənədinin icrasını təmin edən zaman tələbkara məxsus hasar sökülmüşdür. Bu səbəbdən icra zamanı tələbkara məxsus olmuş uçurulmuş hasarın yenidən tikilməsi üçün müəyyən vaxt lazımdır. Bu səbəbdən icra sənədi tam icra olunması üçün təyin edilmiş icra təxirə salınmışdır. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, tələbkar Seyid-zadə Rauf Nağı oğluna icra yeri barədə onun istifadəsində olan mobil nömrəyə zəng vurmaqla məlumat verilmişdir. Lakin buna baxmayaraq o, icra yerinə gəlməmişdir. İcra yerində onun istifadəsində olan mobil nömrəyə zəng vurulmasına baxmayaraq o, zənglərə cavab verməmişdir. İcra təbirləri davam etdirilərək əraziyə baxış keçirilmiş, baxış zamanı tələbkar Seyid-zadə Rauf Nağı oğluna məxsus bağ sahəsinin qarşısında tikilmiş tikililər 1.23 metr məsafədə sökülmüş və bağın giriş qapısının əvvəlki vəziyyəti bərpa olunaraq bağa giriş təmin edilmişdir. İcra sənədi borclu tərəfindən tam icra edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1.23 metr məsafədə cavabdeh X1 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunması və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılması qeyd edilmişdir. İcra məmuru tərəfindən görülmüş icra tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1.23 metr məsafədə cavabdeh X1 hesabına sökülmüş və iddiaçının bağa girişi bərpa olunmuşdur. Lakin bağ sahəsinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı icra məmuru tərəfindən müvafiq icra hərəkətləri görülməmişdir. Belə ki, qeyd edilən hissədə tələbin icrası məqsədi ilə Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssisi icra prosesinə cəlb edilməli və onun tərəfindən bağ sahəsinin əvvəlki və hazırki vəziyyətləri müqayisə edilərək, icra sənədinin həmin hissədə icra edilibedilməməsinə qiymət verilməli idi. Lakin icra məmuru tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi qanunvericilikdə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə icra sənədinin tam şəkildə icra edilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 18 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun 18 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar