Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-383/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4829/2025-007 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdən başlayaraq 05 may 2012-ci il təvəllüdlü X3, 17 sentyabr 2016-cı il təvəllüdlü X5 və 25 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment Borclu Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə daxil olmuş, qanuna müaviq qaydada icraya yönəldilərək, icraata başlamaq haqqında haqqında qərar qəbul edilmiş və qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. İcra sənədində olan tələbin könüllü icrası üçün 10 gün müddət təyin edilsə də, bu müdət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü icra edilməmiş, bu səbəbdən də borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar, Borclu və təqdimatı verən orqan Xəzər rayon İcra Şöbəsinə təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 17.11.2025-ci il tarixli Xəzər rayon İcra Şöbəsinin təqdimatından görünür ki, Borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmadığından, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. - 09.07.025-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq 05 may 2012-ci il təvəllüdlü X3, 17 sentyabr 2016-cı il təvəllüdlü X5 və 25 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulması və Borclu 92 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - 14.07.2025-ci il tarixli icraata başlamaq haqqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4829/2025-007 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlanılması qərara alınmışdır. - 14.07.2025-ci il tarixli, e93358/21F nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4829/2025-007 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin könüllü icra edilməyəcəyi təqdirdə icra məmuru tərəfindən məcburi icra tədbirləri görülməli olacağı barədə Borclu xəbərdarlıq edilmişdir. Borclu bildirişə imzalamaqla onu qəbul etdiyini təsdiq etmişdir. - 21.07.2025-ci il tarixli borclunun Xəzər rayon İcra Şöbəsindəki izahatından görünür ki, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4829/2025-007 nömrəli, 0907.2025-ci il tarixli icra sənədindən xəbərdardar olsa da, işləməməsi və məhkəmə qərarından sonradan xəbərdar olması səbəbilə icra sənədi üzrə tələbi tam həcmdə yerinə yetirməmişdir. O. həmçinin bu günədək 197 azn məbləğində ödəniş həyata keçirdiyini, mövcud olan 1003 manat aliment borcunu tam şəkildə ica etməyə imkanının olmadığını, lakin hissə-hissə aliment borcunu ödəyəcəyini bildirmişdir. Borclunun adına daşınmaz əmlak olaraq ev mövcuddur. - 21.07.2025-ci il tarixli, e93358/2025-12-2 nömrəli xəbərdarlıqdan görünür ki, Borclu icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmayacağı təqdirdə barəsində məcburi icra tədbirləi tətbiq olunacağı barədə xəbərdar edilmişdir. - 22.07.2025-ci il tarixli ərizədən görünür ki, Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4829/2025 saylı, xx.xx.2025-ci il tarixli aliment işi üzrə borclu ilə bağlı məcburi icra tədbirlərnin tətbiq edilməməsini, lakin 1200 manat məbləğində olan ödənilməmiş aliment borcunun ödətdirilməsini icra məmurundan xahiş etmişdir. - 23.09.2025-ci il tarixli borclunun axtarışa verilməsi haqqında icra məmurunun qərarından görünür ki,borclu, 1983-11-27-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X8 (X10) şikayəti üzrə” 26 may 2017-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 28-ci maddəsinə təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (“Battista İtaliyaya qarşı” iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; “Stamose Bolqarıstana qarşı” iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; “Bartik Rusiyaya qarşı” iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar) “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1, 2.2, 2.2.1-2.2.3-cü maddələrinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qeyd olunan qanunvericilik normalarının və hüquqi mövqelərin işin hallarına tətbiqi baxımından məhkəmə qeyd edir ki, sərbəst hərəkət etmək şəxsin konstitusiya hüquqlarından olmaqla həmin hüququn məhdudlaşdırılması yalnız qeyd olunan müvafiq hədlər çərçivəsində və şərtlərlə mümkündür. Əks təqdirdə bu hüququn məhdudlaşdırılması şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Təqdimatda məhdudlaşdırmanın tətbiq edilməsi üçün əsas kimi borclunun icra sənədi üzrə borcunu tam icra etməməsi qeyd olunmuşdur. Halbuki qanunvericiliyin tələbinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Eləcə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır. Ancaq təqdimat qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamış, habelə təqdimatda icra məmuru tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl icra sənədinin icra edilməməsi səbəbinin müəyyənləşdirilməsini və onun icrası üçün qeyd olunan tədbirlərin görülməsini, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini təsdiq edən heç bir dəlil göstərilməmiş və bununla bağlı sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı da borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi halı aşkar edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, borclu aliment borcunun ödənilməsinə etiraz etmir və icra məmrunun qanuni göstərişlərinə riayət edərək çağırış üzrə icra işi ilə əlaqədar icra şöbəsinə gələrək, sənədləri özü qəbul edir. Əlavə olaraq qeyd olunmalıdır ki, tələbkar da ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə müracit edərək, borclu barəsində məcburi icra tədbirlərinin tətbiq edilməməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas müəyyən edilmir və əksinə, təqdimatın təmin edilməsi şəxsin konstitusiya hüququ olan azadlıq hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də təqdimat təmin edilməməlidir. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №8(003)-383/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-383/2025
01.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver