Məhkəmə qərarları › İş №8(003)-392/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-392/2024

21.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-392/2024 21.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(003)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 857 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Eyni zamanda Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu dəymiş zərərə görə 17424 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 143 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2017-ci il və xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada İcraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, İcra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş icra işindən görünür ki: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə 857 manat məbləğində avtomobilə dəymiş maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu Borclu tutulmalıdır. Həmçinin iş üzrə 73.04 manat məbləğində ekspertiza xərci Borclu tutulub Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Qeyd olunan icra sənədi Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə daxil olmuş və Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən 05 aprel 2017-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Borclu 28 aprel 2017-ci il tarixli izahatından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədindən məlumatlıdır. Səhhəti ilə əlaqədar müalicə almışdır. Həmin icra sənədi üzrə cəmi məbləğdən 200 manat ödəniş etmişdir, lakin hazırda 50 manat ödəniş etməyə maddi imkanı çatır. 98603/2017-12-21 saylı icra işindən görünür ki, borclu barəsində müvafiq sorğular (bank hesabı, daşınar və daşınmaz əmlaklar barədə və sair) edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-60/2020 nömrəli, 16 mart 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)- 5145/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 21074” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu 30 yanvar 2024-cü il tarixli izahatından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə hər ay 200 manat və ya 250 manat ödəniş edə bilər. Hazırda mülkiyyətində avtomobil olsa da bankda girovdadır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2006/2024 nömrəli, 27 iyun 2024cü il tarixli icra sənədinə əsasən Borclu dəymiş zərərə görə 17424 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 143 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə daxil olmuş və Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən 09 sentyabr 2024-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Həmçinin tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar borcluya göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin 09 sentyabr 2024-cü il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi” barədə qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(003)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlanılmış, bu barədə borcluya “icraata başlamaq haqqında” qərar və bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə borcu ödəməmişdir. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-60/2020 nömrəli, 16 mart 2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-5145/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “VAZ 21074” minik markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bununla yanaşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2006/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli icra sənədi üzrə 09 sentyabr 2024-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Həmçinin tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar borcluya göndərilmişdir. Həmçinin Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin 09 sentyabr 2024-cü il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi” barədə qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(003)-2006/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqət məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə təqdimatın dəlillərinə münasibətdə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məcburi icra tədbiri deyildir, bununla bağlı təqdimat isə icra məmuru tərəfindən əsaslandırmalıdır. Təqdimatın əsaslandırılması dedikdə icra məmuru tərəfindən mövcud icra sənədinin icrası ilə bilavasitə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması arasında səbəbli əlaqənin olması, borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılmasının icra sənədinin icrasına nə kimi təsir edəcəyi, belə bir zərurətin hansı əsasla yarandığı nəzərdə tutulur. Hazırda isə iş materiallarından görünür ki, Borclu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədindən məlumatlı olmuş, həmin icra sənədi ilə bağlı 28 aprel 2017-ci il və 30 yanvar 2024-cü il tarixlərdə izahatlar vermişdir. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2006/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə üzrə icraata başlama haqqında qərar qəbul edilsə də, həmin qərar və bildiriş tərəfə (borcluya) rəsmi qaydada təqdim edilməmiş (iş materiallarında bildiriş olsa da, həmin bildirişin borcluya göndərilməsi müəyyən edilmir) həmin icra sənədinə münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş digər icra tədbirləri görülmədən, tərəfin izahatı alınmadan (izahat iş materiallarında aşkar edilməmişdir) icra məmuru borclunun ölkədən getmək hüqununun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tələbin könüllü icra olunması barədə bildiriş təqdimata əlavə olunsa da, həmin bildirişin borcluya çatdırılıması, ümumiyyətlə bildirişin borcluya göndərilməsi iş materialları ilə müəyyən edilməmişdir. Halbuki borclunun ölkədən getmək hüququ konstitusion hüquq olduğundan icra məmuru bu hüququn məhdudlaşdırılması barədə tədbirin tətbiq edilməsinin zəruriliyinə diqqətlə yanaşmalı və bu məhdudiyyətin tətbiqinin icra sənədinin birbaşa icrasına təsir edəcəyini kifayət qədər əsaslandırmalıdır. Eyni zamanda bu tədbir yuxarıda qeyd olunan təlimatdan da göründüyü kimi son zərurətdən irəli gəlməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin üçüncü bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Belə olan halda müəyyən edilir ki, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru tərəfindən qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmədən hazırki təqdimatla məhkəmə müraciət edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuna müvafiq hesab edilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263, 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5145/2016 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(003)-2006/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən verilmiş təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar