Məhkəmə qərarları › İş №8(003)-414/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-414/2024

19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-414/2024 19.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Tələbkar ASC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(003)-2249\2023 saylı icra qeydinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair şikayətə 19 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə reyestrdə 8İ-175 nömrəli qeydə əsasən, Borclu cəmi 3695,36 manat məbləğində pulun tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə reyestrdə 8İ-175 nömrəli qeydi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-175 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Hazırda "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin e- 2(003)-2249/2023 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə Borclu Tələbkar ASC-nin xeyrinə, cəmi 1234.60 manat məbləğində kredit borcun və 32.35 manat dövlət rüsumunun tutulması qərar verilmişdir və icra sənədi icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin e-2(003)-2249/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3cü maddəsinə əsasən geri qaytarılmışdır. Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilsə də, Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır və borclunun yaşadığı mənzilə baxış barədə heç bir rəsmi bildiriş verilməmişdir. Bununla yanaşı icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Bildiririk ki, icra sənədi üzrə Borclu hazırda işləyir və əmək haqqı alır. İşdə iştirak etmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin işdə iştirak etmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. İşdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə iştirak edən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)-2249\2023 saylı icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və könüllü icra ilə bağlı bildiriş Borclu təqdim edilmişdir. Belə ki, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Mübahisələndirilən qərardan görünür ki, icra məmuru icra sənədinin geri qaytarılmasına əsas kimi, Borclunun əmlak vəziyyətinin yoxlanması məqsədi ilə müvafiq orqanlara sorğular göndərilməsinə, həmin sorğulara əsasən fiziki şəxsin heç bir əmlakının olmadığının məlum olmasına və həmçinin borclu şəxsin yaşadığı ünvanına baxış keçirilərkən tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olub-olmamasına dair bildiriş daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərin olub-olmaması barədə banklara sorğular verilməmişdir. Həmçin icra işindən görünür ki, icra məmuru tərəfindən şəxsin yaşadığı ünvanına baxış keçirilməmiş, akt tərtib edilməmiş və tələbin yönəldilə biləcəyi əmlakının olub-olmaması müəyyən olunmamuşdır. Belə ki, icra haqqında Qanunun 32-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Qanunvericiliyin tələbindən görünür ki fiziki şəxslər icraatda şəxsən və və ya nümayəndələri vasitəsi ilə iştirak edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)-2249\2023 saylı icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(003)-2249\2023 saylı icra sənədinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar