Məhkəmə qərarları › İş №8(003)-5/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-5/2023

16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-5/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1503/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair tələbkar Əhmədova (Nurəddinova) Günel Famil qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tələbkar Əhmədova (Nurəddinova) Günel Famil qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1503/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilərək cavabdeh X4 birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 saxlanılması üçün yetkinlik yaşına çatanadək hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tam həcmdə (100%) tutularaq ona, yəni X3 ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 2(003)-1503/2014 saylı qətnaməsinə əsasən Bakı şhəəri Pirallahı Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli 2(094)-62/2014 saylı qətnaməsinin icra qaydası dəyişdirilmiş, X4 tutulan alimentin 50%-i "xxxx" ASC-nin Mərdəkan filialında xx.xx.2013-cü il təvəllüdlü X2 adına olan hesaba köçürülməsi, X5 yetkinlik yaşına çatanadək həmin bank hesabından pul vəsaitinin götürülməsi onun valideynləri X6 və Nurəddinova (Əhmədova) Günel Famil qızının birgə razılığı ilə həyata keçirilə bilməsi qərara alınmışdır. Lakin məhkəmə qərarında birbaşa göstərilməsinə baxmayaraq, cavabdeh onun müraciəti olmadan özbaşına vaxtaşırı bank hesabından vəsaitləri məxaric etmiş, müvafiq bank da cavabdehin müraciəti üzrə hərəkət etmiş, onun razılığını tələb etməmişdir. Hesab edir ki, cavabdehin özbaşına hərəkətləri azyaşlı övladının əmlak hüquqlarını pozmaqla onun saxlanmasını, maddi məsrəflərinin ödənilməsini çətinləşdirir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-1503/2014 saylı, xx.xx.2014cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Bakı şhəəri Pirallahı Rayon Məhkəməsinin 04 aprel 2014-cü il tarixli 2(094)-62/2014 saylı qətnaməsinə əsasən, X4 tutulan alimentin 50%-i "xxxx" ASC-nin Mərdəkan filialında yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 adına olan 3861000DN7046922İ39 saylı bank hesabına köçürülməsi, X5 yetkinlik yaşına çatanadək həmin bank hesabından pul vəsaitinin götürülməsi onun valideynləri X6 və X1 birgə razılığı ilə həyata keçirilməsi qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd olunan normaları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icraya yönəldikdən sonra icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsini nəzərdə tutur. Ərizəçinin hazırkı xahişi, yəni alimentin tam həcmdə tutularaq X3 ödənilməsi isə məhkəmə qətnaməsinin dəyişdirilməsini ehtiva edir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən (Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər) qərar qəbul etmiş və həmin qərar qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, icra sənədinin icra üsulunun dəyişdirilməsi borclunun ərizəsi əsasında icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz hallar mövcud olduqda mümkündür. Hazırda isə ərizə tələbkar tərəfindən verilmiş, icra sənədinin icra üsulunun dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1503/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar Əhmədova (Nurəddinova) Günel Famil qızının ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1503/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar Əhmədova (Nurəddinova) Günel Famil qızınun ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar