Məhkəmə qərarları › İş №8(003)-5/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-5/2024

16.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-5/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İcra sənədinin qismən icra olunmuş halda məhkəməyə geri qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2015-ci il tarixli qərarından "xxxx" QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2015 nömrəli, 10 aprel 2015ci il tarixli məhkəmə əmri ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, ev 47 ünvanında qeydiyyatda olan X1 "xxxx" QSC-nin xeyrinə 426,54 manat məbləğində əsas borcun, 32,27 manat məbləğində faiz borcunun, 11,54 manat məbləğində cərimənin, 8,40 manat məbləğində komissiya xərcinin, 5,50 manat bildirişin göndərilməsinə dair poçt xərcinin, cəmi 504,72 manat məbləğində borcun, 20 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində poçt xidmət haqqının tutulması əmr edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2573 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin qismən icra olunmuş halda məhkəməyə geri qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" QSC şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2015-ci il tarixli icr sənədinin qaytarılması haqqında qərarının ləğv edillməsini və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə dair icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, icra vərəqəsinin icraya yönəldilməsinə baxmayaraq borclu icra vərəqəsi üzrə cəmi 73 manat ödəniş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramov xx.xx.2015-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsini qeyd etsə də, görülmüş qanunamüvafiq tədbirlər barədə tələbkar məlumatlandırılmamışdır. İcra məmuru borclunun barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi barədə məhkəməyə müraciət etməmiş, borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclunun ailəli olduğu halda nikah dövründə borclunun arvadının adına hər hansı bir daşınar və daşınmaz əmlakın olub-olmamasını müəyyən etməmişdir. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə iştirak edən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İcra sənədinin qismən icra olunmuş halda məhkəməyə geri qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2015-ci il tarixli qərarından görünür ki,icra sənədinin icrasını təmin etmək məqsədi lə borclu fiziki şəxs X3 məxsus cari hesablardakı pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakların, hüquqi ünvanının, bank rekvizitlərinin, eləcə də cari və hesablaşma hesablarının, vergi ödəyicisi kimi fəaliyyət göstərib-göstərmədiyi, bələdiyyə ərazisindəki torpaq sahəsinin olub-olmamaıs barədə müxtəlif instansiyalara sorğular olunmuşdur. Borclu şəxs X2 ünvan 1 ünvanında borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu fiziki şəxs barəsində verilən əmlak sorğusu ilə bağlı məlum olmuşdur ki, tələbin yönəldilə biləcəyi əmlak və digər gəlirlər aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İcra sənədinin qismən icra olunmuş halda məhkəməyə geri qaytarılması haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun xx.xx.2015-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun pul məbləğini ödəməsi üçün btütn tədbirlərin görülmədiyinə, həmçinin borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət edilmədiyinə görə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2573 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin qismən icra olunmuş halda məhkəməyə geri qaytarılması barədə xx.xx.2015-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Teymur Bayramovun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2573 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin qismən icra olunmuş halda məhkəməyə geri qaytarılması barədə xx.xx.2015ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar