Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-7/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun, Tələbkar BOKT QSC-nin nümayəndəsi X1 iştirakları ilə, Tələbkar BOKT QSC-nin Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2100/2012 saylı 16 oktyabr 2012-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyənetdi: Tələbkar BOKT QSC şikayət ilə müraciət edərək, Xəzər rayon İcra Şöbəsinin sözügedən qərarının ləğv edilməsini, icra sənədinin icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2100/2012 saylı 16 oktyabr 2012-ci il tarixli icra sənədinə əsasən borclular Borclu2 və Borclu1 müştərək qaydada 2962 ABŞ dolları məbləğində pul və 20 manar dövlət rüsumu "xxxx" BOKT QSC-nin xeyrinə tutulmalıdır. Qeyd edilən icra sənədi icra məmurunun qərarı ilə “İcra haqqında” Qanunun 23.1.3cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. “İcra haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Odur ki, əldə etdiyimiz məlumata əsasən Borclu1 "xxxx" MMC-də dülgər vəzifəsində işləyir və 669,71 manat əmək haqqı alır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən icra sənədi üzrə 895,72 ABŞ dolları ödənilməmiş borc qalmışdır. Göründüyü kimi icra sənədinin qaytarılması üçün əsaslar aradan qalxmış və məcburi icra tədbirləri çərçivəsində (“İcra haqqında” Qanunun 43.1.2-ci maddəsi) icra sənədinin icra mümkün olacaqdır. Məhkəmə iclasında iştirak edən Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov izaahtında bildirdi ki, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra edilmiş icra sənədinin qaytarılması barədə qərarı əsaslıdır. Belə ki, tələbkar borclunun işlədiyini qeyd etsə də hazırda elektron məhkəmə sistemində həmin hal öz təstiqini tapmayıb. Elektron sistem portalında edilmiş sorğulardan da görünür ki, borcluların gəliri və ya borcun yönəldilə biləcəyi əmlakları yoxdur. Məhkəmə iclasında iştirak edən Tələbkar BOKT QSC-nin nümayəndəsi X2 ərizəsinə uyğun izahat verdi və bildirdi ki, borclulardan biri rəsmi olaraq işləyir və 650,0 manat maaş alır. Buna görə də icra sənədi üzrə icra işlərinin davam etdirilməsi zəruridir. Borclular şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, icra məmurunun qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2100/2012 saylı 16 oktyabr 2012-ci il tarixli icra sənədinə əsasən borclular Borclu2 və Borclu1 müştərək qaydada 2962 ABŞ dolları məbləğində pul və 20 manar dövlət rüsumu "xxxx" BOKT QSC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra ilə bağlı bildiriş borclulara təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş iş yeri məlumatları barədə çıxarışdan görünür ki, Borclu2 və zamini Borclu1 "xxxx" BOKT MMC-yə 895,72 ABŞ Dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Borclu1 "xxxx" MMC-də dülgər vəzifəsində işləyir və aylıq əmək haqqısı 669,71 manat təşkil edir. İcra işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu, Borclu2 xx.xx.1986-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2 barəsində axtarış elan edilmişdir. İcra işinin materiallarından görünür ki, Borclu2 Xəzər rayon İcra şöbəsinə dəvət edilmiş və izahat verərək bildirmişdir ki, borcu tam ödəməyi maddi imkanı yoxdur, lakin hər ay issə-hissə ödəyəcəyinə dair söz vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ünvanına baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Borclu1 mülkiyyətində Kia Sorento minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı və Chevrolet Orlando minik markalı **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2100/2012 saylı 16 oktyabr 2012-ci il tarixli icra sənədi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, müxtəlif icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. Belə ki, sözügedən qərarda qeyd olunmuşdur ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, borcluya məxsus ünvanında icra məmurları və hal şahidləri olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Göründüyü kimi, icra sənədi icra edilmədən, məhkəməyə geri qaytarılmışdır. Belə ki, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. “İcra haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, icra tədbirlərinə daxildir borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Azərbaycan Respublikası “İcra məmurları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. Mübahisələndirilən qərardan görünür ki, icra məmuru icra sənədinin geri qaytarılmasına əsas kimi, Borclu2 əmlak vəziyyətinin yoxlanması məqsədi ilə müvafiq orqanlara sorğular göndərilməsinə, həmin sorğulara əsasən fiziki şəxsin heç bir əmlakının olmadığının məlum olmasına və həmçinin xx.xx.2019-cu il tarixdə borclu şəxsin yaşadığı ünvanına baxış keçirilərkən tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmamasına istinad etmişdir. Məhkəmə tərəfindən icra məmurunun istinad etdiyi halların yoxlanılması məqsədilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2100/2012 saylı 16 oktyabr 2012-ci il tarixli icra sənədi ilə əlaqədar icra işi Xəzər Rayon İcra Şöbəsinindən tələb edilmiş və icra işi məhkəməyə təqdim edilmişdir. Lakin icra işinin materiallarında xx.xx.2019-cu il tarixli akt icra işinin materiallarında aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş icra işindən müəyyən olunur ki, icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərin olub-olmaması barədə banklara sorğular verilməmişdir. Həmçin icra işindən görünür ki, icra məmuru tərəfindən şəxsin yaşadığı ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmaması müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, borclunun əmlakına baxış keçirilərkən tələbkarın icraatda iştirakının təmin olunması barədə məlumatın verilməsi barədə sübut icra işində müəyyən olunmamışdır. Belə ki, icra haqqında Qanunun 32-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Qanunvericiliyin tələbindən görünür ki fiziki şəxslər icraatda şəxsən və və ya nümayəndələri vasitəsi ilə iştirak edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2100/2012 saylı 16 oktyabr 2012-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2100/2012 saylı 16 oktyabr 2012-ci il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-7/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-7/2025
07.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver