Məhkəmə qərarları › İş №8(003)-87/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-87/2023

15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-87/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-459/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-459/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz- E220” minik markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə İnformasiya sistemindən” əldə edilmiş məlumatdan görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 459/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu olan şəxs, yəni Borclu xx.xx.2021-ci il tarixdə ölmüşdür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü halda müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, icra sənədi üzrə borclu olan şəxs ölmüşdür. Bu hal isə, yuxarıda qeyd olunan Qanunun tələblərinə əsasən icra sənədi üzrə icraatın məcburi qaydada dayandırılması üçün nəzərdə tutulan haldan ibarətdir. Hazırda isə ölmüş şəxs barəsində təqdimatla məhkəməyə müraciət edilərək həmin ölmüş şəxsin əmlakı üzərinə həbsin qoyulması məhkəmədən xahiş olunur. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda icra sənədi üzrə borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması məsələsinə baxılması mümkün olmadığından təqdimat geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-459/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar