Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-92/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarovun iştirakı ilə, Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən X1 "xxxx" ASC-nin xeyrinə, cəmi 3464,23 ABŞ dolları məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X3 tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" ASC tərəfindən Xəzər rayon icra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı xx.xx.2023-cü il tarixində müraciət ünvanlanmış, Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Onu da qeyd etməliyik ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə borclu X2 "xxxx" ASC-yə hazırki tarixə qalıq borcu 678,55 manat təşkil edir. Xəzər rayon icra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tərtib olunmamış, həmçinin adı çəkilən akt tələbkara təqdim edilməmişdir. Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarov şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4895/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən, X1 cəmi 678,55 manat məbləğində pulun tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarov xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə icra sənədinin icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclu X2 icra sənədində göstərilən ünvan 2 ünvanında olduq, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı və bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib olunmuşdur. Göründüyü kimi, icra sənədi icra edilmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Mübahisələndirilən qərardan görünür ki, icra məmuru icra sənədinin geri qaytarılmasına əsas kimi, borclu X2 əmlak vəziyyətinin yoxlanması məqsədi ilə müvafiq orqanlara sorğular göndərilməsinə, həmin sorğulara əsasən fiziki şəxsin heç bir əmlakının olmadığının məlum olmasına və həmçinin xx.xx.2020-ci il tarixdə borclu şəxsin yaşadığı ünvanına baxış keçirilərkən tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmamasına istinad etmişdir. Məhkəmə tərəfindən icra məmurunun istinad etdiyi halların yoxlanılması məqsədilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə icra sənədi ilə əlaqədar icra işi Xəzər Rayon İcra Şöbəsinindən tələb edilmiş və icra işi məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş icra işindən müəyyən olunur ki, icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərin olub-olmaması barədə banklara sorğular verilmişdir. Lakin akt icra işində aşkarlanmamışdır. İcra işi üzrə sonuncu icra hərəkələrinin 2021-ci ildə aparılması, sonrakı dövr üzrə heç bir icra hərəkətlərinin (sorğuları verilməsi) aparılmaması müəyyən edilmişdir. Qanunvericiliyin tələbindən görünür ki fiziki şəxslər icraatda şəxsən və və ya nümayəndələri vasitəsi ilə iştirak edə bilərlər. Göründüyü kimi, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməmiş və lazımi icra tədbirləri görülməmişdir. Odur ki, ərizə əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Xəzər rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-cı maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4895/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə icra sənədinin geri qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-92/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-92/2024
23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver