Məhkəmə qərarları › İş №8(003)-94/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-94/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-94/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-683/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(003)-683/2023-023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1980-ci Bakı şəhərində anadan olmuş və Bakı şəh., Xəzər ray., Mərdəkan qəs., Baba Əliyev 8, B-2, mən 14 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 6180 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədiilə təqdimat təmin edilməlidir. Bеlə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-683/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1980-ci Bakı şəhərində anadan olmuş və Bakı şəh., Xəzər ray., Mərdəkan qəs., Baba Əliyev 8, B-2, mən 14 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 6180 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş, cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq və qərarın surəti borcluya təqdim edilmişdir. İcra işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-683/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-683/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olan və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar