Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-115/2025 14.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Tələbkar X1, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-694/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla qazancının 1/3 hissəsi miqdarında və hər ay 2 uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün 440 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş üzrə Borclu tərəfindən icra sənədi üzrə aliment öhdəliyi icra edilməmiş, nəticədə borclunun 3408 manat aliment borcu yaranmışdır. Tələbkar X2 icra orqanına müraciət edərək borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün tədbir görülməsini xahiş etmişdir. İcraat zamanın borclunun ölkə xaricinə səfərlər etməsi müəyyən edilir. Məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmədən xahiş edilir. Tələbkar X2 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, borclu Sədərək ticarət mərkəzində ticarətlə məşğuldur, bir neçə obyekti vardır, maliyyə vəziyyəti yüksəkdir. Uşaqların təhsil, geyim, qida xərcləri yüksək məbləğdə təşkil edir. Buna baxmayaraq borclu maddi vəziyyətinin yaxşı olmasına baxmayaraq alimenti qismən ödəyir (bəzi aylar üzrə ödəniş etmir), borcları mövcuddur. Alimenin 3500 manat hissəsi ödənilməmiş qalmışdır. O, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. O, izahat verərək işləmədiyini, məhkəmə qərarı qanuni qüvvəyə minənədək toplanmış 3500 manat borc məbləğini hissə-hissə ödəmək istədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, tələbin könüllü icrası barədə bildiriş Borclu təqdim edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra olunmaması, ümumi öhdəliyin həcminin 3408 manat təşkil etməsi, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra olunmasında məhkəmələrin xüsusi hüquqi marağı, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materiallarında qeyd olunan xüsusatlar nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)- 694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu təqdimatın əsassızlığı, öhdəliyin tərəfindən icra edilməsi, ümumi öhdəliyin həcmi ilə bağlı üzərinə düşən sübutetmə funksiyasını həyata keçirtməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumatlara əsasən müəyyən edilir ki, borclunun mülkiyyətində 4 (dörd) ədəd daşınmaz əmlak və 1 (bir) ədəd Volksvagen Tiguan markalı avtomobil vardır. Yetkinlik yaşına çatmayan uşağın üstün mənafeləri və məhkəmə qərarının icrasının təmin edilməsi borclunun iş (biznes) maraqlarından üstün götürülür. İcra sənədi üzrə öhdəlik icra edildikdən sonra sözügedən məhdudiyyətin aradan qaldırılması təmin edilə bilər. Nəzərə alınmalıdır ki, eyni məzmunlu təqdimat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-135/2024 nömrəli qərardadı ilə təmin edilməmişdir (qərardad iş materiallarına əlavə edilir). Lakin, borclu tərəfindən icra sənədinin icrası ilə əlaqədar lazımi addımlar atılmamışdır. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-694/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılovun təqdimatı təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-694/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, xx.xx.1966-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-115/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-115/2025
14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver