Məhkəmə qərarları › İş №8(004)-116/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-116/2025

07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-116/2025 07.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Tələbkar X3 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasına maneələr, o cümlədən miras əmlaka məhkəmə tərəfindən tanınan hüquqların təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin edilməsi” tələbinə dair şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar X4 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasına maneələr, o cümlədən miras əmlaka məhkəmə tərəfindən tanınan hüquqların təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin edilməsi” tələbinə dair şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə daşınmaz əmlaklara hüquqların dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İcra orqanı tərəfindən bu barədə hərəkətsizlik göstərilir. X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tələbkarlar və icra məmuru məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. İş materiallarına Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6279/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6279/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi əsasında icraat başlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6279/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin 5-ci hissəsində qeyd olunan əmlaklar üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından icra sənədinin icrası müvafiq hissədə mümkün olmamışdır. Bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə əvvəllər də müvafiq məktublar ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6279/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə müvafiq icra işi materialları icra orqanından götürülərək öyrənilmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. İcra işi materiallarına əsasən müəyyən edilir ki, icra sənədinin icrası ilə bağlı icra orqanı tərəfindən bütün mümkün icra tədbirləri həyata keçirilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə dəfələrlə müraciət edilmiş, lakin, hüquqların qeydiyyatını təmin edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların qeydiyyatı əsassız olaraq imtina edilmişdir. Hazırki icra sənədi üzrə icra orqanının hərəkətsizliyi müəyyən edilmir. İcra orqanı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə zəruri sorğular verilmişdir. Doğrudur ki, icra vərəqəsi bütün dövlət orqanları, təşkilatlar, fiziki və hüquqi şəxslər üçün məcburidir və icra edilməlidir. Hazırki dövrdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin faktiki davranışları (imtina xarakterli hərəkətləri) və həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında baxılan işlər nəzərə alınmaqla hesab edilir ki, həmin icra vərəqəsi üzrə hüquqlarının qeydiyyatı məhz inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir (inzibati məhkəmə icraatı qaydasında da müvafiq inzibati orqanların öz yanlış təcrübələrini düzəltməməsi halları və yeni formada qanunsuz inzibati aktların qəbul edilməsi halları çoxluq təşkil edir). Problemin effektiv aradan qaldırılması üsulu budur. Çünki, təcrübə göstərir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi başqa formada müvafiq qeydiyyatın aparılmasını təmin etmirlər. Oxşar mübahisələr üzrə sözügedən problemləri inzbati məhkəmə qaydasında tam şəkildə həll etmək mümkün olmursa, icra orqanından məhkəmə qərarının icrasının tələb etmək effektiv nəticələrə səbəb olmayacaqdır. Əlavə inzibati məhkəmə icraatı qaydasında mübahisələrin yaranması, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi mülki icraat qaydasında qəbul edilmiş məhkəmə qətnaməsinin hüquqi qüvvəsini zəiflətməklə “hüquqi müəyyənlik” prinsipinə ziddir, dövlət orqanlarının fəaliyyəti ilə bağlı qarşılıqlı fəaliyyətin təmin edilməsinə uyğun deyildir. Məhkəmənin müvafiq qərarı da, inzibati orqanın müvafiq hərəkətləri də müstəqil olaraq onların öz adından deyil, hakimiyyət subyekti kimi dövlətin funksional vəzifələrindən doğur. Tələbkarlara izah edilir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq imtina qərarından və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar X3 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasına maneələr, o cümlədən miras əmlaka məhkəmə tərəfindən tanınan hüquqların təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin edilməsi” tələbinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar