Məhkəmə qərarları › İş №8(004)-12/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-12/2021

04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-12/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru Anar Əyyubovun əmlak üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru Anar Əyyubov təqdimatla məhkəməyə müraciət edərək, Borclu Tapdiq oğluna məxsus “Mercedes 410 D mikroavto” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. ”Elektron icra” informasiya sistemindən Borclu Tapdiq oğluna məxsus “Mercedes 410 D mikroavto” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. Tələbkarlara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Tapdiq oğlundan 9500 manat X4 xeyrinə, 9500 manat X3 xeyrinə, 10.000 manat X2 xeyrinə, 10.000 manat X1 xeyrinə və 9000 manat Tələbkar Şixəli oğlunun xeyrinə ödənilməlidir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, Borclu Tapdiq oğlunun adına “Mercedes 410 D mikroavto” markalı, **- NX-*** dövlət qeydiyyat nişanlı və “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək üçün borcluya məxsus əmlakların üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1968-ci il təvəllüdlü Borclu Tapdiq oğluna məxsus “Mercedes 410 D mikroavto” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulsun. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar