Məhkəmə qərarları › İş №8(004)-130/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-130/2023

24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-130/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X11 oğlunun katibliyi, X2, Tələbkarın nümayəndəsi və vəkili X4 iştirakları ilə, İş üzrə X3 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə dair icra işi üzrə icraata Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2021-ci il tarixli qərarı ilə xitam verilmişdir. X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin müvafiq qərarının ləğv edilməsi və zəruri icra hərəkətlərinin həyata keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli tələbkarın məlumatı olmadan, qanunsuz olaraq icra işi üzrə icraata xitam vermişdir. Belə ki, müvafiq icra işi üzrə icranın təmin edilməməsinə baxmayaraq icra məmuru icra işi materiallarında olmayan, guya borclunun tələbin icra edilməsi barədə ərizəsi ilə müvafiq icra işini icra olunmuş hesab edərək iş üzrə icraata xitam vermişdir. Belə ki, tələbkar bu halla razı deyil, həmin ərizə icra işi materiallarında yoxdur və özü də icra işinə xitam verilməsinə dair heç vaxt icra orqanına müraciət etməmişdir. Müvafiq icra işi üzrə tələbkarın tələbi təmin edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, şikayətin təmin edilməsini, icra işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili X5 hüquqi xüsusatlara toxunmaqla izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə şikayətə iş üzrə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra işi üzrə icraata xitam verilir. Lakin, sözügedən maddədəki hüquqi əsas müvafiq icra işi üzrə xitam qərarının faktiki və hüquqi hallarına uyğun deyil. İş materiallarına əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının hüquqi əsası tam aydın deyil. Belə ki, müvafiq qərarın əsaslandırıcı hissəsində Yasamal Rayon İcra Şöbəsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən tələbin təmin olunduğu qeyd olunsa da, həmin ərizənin (əgər varsa) kim (borclu və ya tələbkar) tərəfindən tərtib edilməsi, təqdim edilməsi qeyd olunmamış və bu barədə ərizə, sənəd və sübutlar icra orqanı tərəfindən məhkəməyə təqdim olunmamışdır. X3 və vəkili X1 ərizənin icra işi materiallarında olmadığını və tələbkar olaraq R.A.Əmirov tərəfindən sözügedən məktubun icra orqanına təqdim edilmədiyini bildirmişlər. R.A.Əmirovun nümayəndəsi və vəkili izahatında elə bir ərizə (müraciət) varsa da, həmin ərizənin (müraciət) borclu və ya hər hansı üçüncü şəxs tərəfindən tərtib olunma ehtimalını nəzərə alaraq qeyd edir ki, müvafiq ərizə əsasında icra işinə xitam verilməsi qanunsuz və əsassızdır. Beləliklə, tələbkarın və vəkilinin məhkəmədəki izahatlarına, iş materiallarına, icra işinə xitam verilməsinə dair icra orqanının müvafiq qərarının əsaslandırılma hissəsinə və digər sübutlara əsasən müəyyən olunur ki, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 borclu "xxxx" MMC-yə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3146/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar