Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-175/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Borclu1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev Borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4804/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 cəmi 6.684 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə müxtəlif tarixlərdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə, habelə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə və tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən icra edilmədikdə, borclu ölkədən getmək hüquqları icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Belə olan halda, borclunun ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1956-cı il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Borclu1, xx.xx.1990-cı il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu1 izahat verərək bildirdi ki, digər borclu onun oğludur. O, 327 manat məbləğində pensiya alır və 165 manat hər ay icra sənədi üzrə borcun ödənilməsinə yönəlir, oğlu isə işləmir, arada iş olanda fəhlə kimi işləyir, lakin halhazırda iş yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən təqdimatın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə digər borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri, eləcə də müvafiq icra işini araşdıraraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qeyd edilən normada borclunun ökədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur. Borclu1 icraata başlamaq haqqında qərarı və icra sənədinin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlıq xx.xx.2023-cü il tarixdə almasını təsdiqləyən sənədlər təqdimata əlavə edilsə də, sonuncunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Təqdimatdan da göründüyü kimi iş üzrə digər borclu olan Borclu2 Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, ev 66 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı, qalan hissədə isə təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 710-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. xx.xx.1990-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-175/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-175/2024
04.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver