Məhkəmə qərarları › İş №8(004)-245/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-245/2024

25.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-245/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4749/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4749/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4749/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9801.85 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2023-cü il tarixdə qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya tələbin könüllü icrası ilə bağlı bildirişlər göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Belə ki “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında oları pul vəsaitlərinə və başqa sərvətlərinə, habelə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə və tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən icra edılmədikdə, borclu ölkədən getmək hüquqları icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Belə olan halda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilir. Məhkəmə iclasında iştirak edən icra məmuru X4 izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4749/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 9.000 manat əsas borc, 655 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 9685 manat borc və 116,85 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclunun əmlakına yönəldə biləcəkləri hər hansı əmlakı və gəliri olmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən icra edilmədikdə, borclu ölkədən getmək hüquqları icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X3 izahatında bildirmişdir ki, bəzi borc alanlar olur ki, ayda ən azından imkanı çatdığı qədər 50-100 manat ödəyir, amma bu şəxsə zəng vurulduqda və ya icra orqanına çağırıldıqda götürdüyü kreditə saymazyana və etinasız münasibət bəsləyir. Buna görə də aliment də aldığı üçün əmək haqqına yönəltmək mümkün olmadığına görə yazılı şəkildə icra məmuruna müraciət edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişlər. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli qərarı ilə "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat” təsdiq edilmişdir. Həmin təlimatın 2.2-ci bəndində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl görülən tədbirlər sadalanmışdır. Təlimatın 2.2.1-ci bəndi könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edən hal kimi müəyyən edilmişdir. Təlimatın 2.2.2-ci bəndi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. Təlimatın 2.2.2-ci bəndi borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin təqdimat və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, icra məmuru “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da tələb olunan göstərişləri tam olaraq yerinə yetirməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş sadəcə Borclu tərəfindən imza edilməklə əldə edilmişdir. Həmçinin, icra məmuru yalnız Borclu ilə bağlı məlumatlar barədə elektron sistemdən çıxarışla kifayətlənərək birbaşa borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Həmçinin, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas ola biləcək sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, icra sənədi icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən bir sira icra tədbirləri həyata keçirilsə də, borclunun mülkiyyətində daşınmaz əmlakın olub-olmaması müəyyən edilmədən, habelə borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasını yoxlanılmadan icra məmuru məhkəməyə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da tələb olunan göstərişləri tam olaraq yerinə yetirmədən məhkəməyə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət etdiyindən təqdimat təmin edilə bilməz və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar