Məhkəmə qərarları › İş №8(004)-28/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-28/2023

20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-28/2023 20.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı Tələbkar cavabdehlər Borclu1 MMC-yə, X1, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin, Borclu1 MMC-nin cavabdeh Tələbkar qarşı “yaşayış sahəsinin boşaldılması tələbinə dair” qarşılıqlı iddiaları, müstəqil tələb irəli sürən üçüncü şəxs Borclu2 cavabdehlər Borclu1 MMC-yə, X1 və Cavabdeh2, üçüncü şəxs Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-7124/2016 saylı qətnaməsinə izah verilməsi barədə Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: xx.xx.2016-cı il tarixdə iddiaçı Tələbkar cavabdehlər Borclu1 MMC-yə, X1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yerləşən 57 saylı evin 2-ci mənzilinə dair Borclu1 MMC ilə aralarında bağlanmış AN-İ ******* saylı, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Borclu1 MMC cavabdeh Tələbkar qarşı “yaşayış sahəsinin boşaldılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin və onunla yaşayan digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yerləşən 57 saylı evin 2-ci mənzilindən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Borclu2 cavabdehlər Borclu1 MMC-yə, X1 və Cavabdeh2, üçüncü şəxs Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ilə məhkəməyə müraciət edərək Tələbkar ilə Borclu1 MMC ilə arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-7124/2016 saylı qətnaməsi ilə Tələbkar və üçüncü şəxs Borclu2 iddiaları təmin edilməmiş; qarşılıqlı iddia təmin edilmiş və qarşılıqlı iddia üzrə cavabdeh Tələbkar və onunla yaşayan digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yerləşən 57 saylı evin 2-ci mənzilindən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-7124/2016 saylı qətnaməsi iddiaçılara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli 2(102)-3940/17 saylı Qərarı ilə Tələbkar və Borclu2 kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-7124/2016 saylı qətnaməsinə izah verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin icra sənədi xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş və tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” qərar hər iki tərəfə göndərilmişdir. 2022-ci ilin fevral ayında iş üzrə tələbkar Borclu1 MMC tərəfindən müəyyən edilmişdir ki, əslində mübahisə predmeti olan mənzil 2 (iki) deyil, 4 (dörd) otaqlı olub və həmin digər iki otaq həmin mərtəbədə yaşayan qeyri-şəxslər tərəfindən mənzilə rekonstruktiv dəyişikliklər edilməklə digər mənzillərə əlavə edilmiş və sənədləşdirilmişdir. Bununla bağlı tələbkar qurum 2022-ci ilin fevral ayının 28-də Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, mübahisə predmetinə aid digər iki otağın biri hazırda 2016-cı ildən vətəndaş Qismət Ovçuyevanın, digər biri isə Natəvan adlı vətəndaşın istifadəsindədir. Bununla bağlı faktiki mübahisə predmeti olan mənzildən borclu və digər şəxslərin çıxarılmasının həyata keçirilməsi ilə əlaqədar icra sənədində qeyd edilən tələblərin mahiyyəti üzrə icra edilməsində bir sıra çətinliklər yaranmışdır. Belə olan halda icra məmuru tərəfindən icra sənədinin mahiyyəti üzrə icra edilməsi üçün qarşıya çıxan aşağıda qeyd edilən suala cavablı izahın verilməsi zərurəti yaranmışdır: İcra sənədi icra edilərkən qeyri-şəxslərin istifadəsində olan və mənzilə aid zəbt edilmiş digər otaqların boşaldılması da nəzərdə tutulurmu? Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən işə tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli 2(102)-3940/17 saylı Qərarından görünür ki, Tələbkar ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan 2 saylı mənzilin özünə məxsus olan 3 otağını (2 saylı otaq y/s 10,18 kv.m, 3 saylı otaq y/s 12,03 kv.m, 4 saylı otaq y/s – 18,4 kv.m) Borclu1 MMC-yə satmışdır. Mənzilin digər paylı mülkiyyətçisi X2 notariat kontoruna verilmiş xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən o, mənzilin Tələbkar məxsus otaqlarını almaqdan imtina etmişdir və satılmasına etirazı olmadığını bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin 3 otağı (2 saylı otaq y/s 10,18 kv.m, 3 saylı otaq y/s 12,03 kv.m, 4 saylı otaq y/s – 18,4 kv.m) üzərində Borclu1 MMC-nin mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə mənzilin Tələbkar tərəfindən özünə məxsus payının Borclu1 MMC-yə satılmasına, sonuncunun həmin pay üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, Tələbkar və onunla yaşayan şəxslərin mənzilə istifadə hüquqlarının olmamasını nəzərə alaraq Tələbkar və onunla yaşayan digər şəxslərin mənzildən çıxarılması və mənzilin boşaldılması barədə mənzilin yeni paylı mülkiyyətçisi Borclu1 MMC-nin iddiasını təmin etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Yasamal rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(004)-7124/2016 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir və həmin qətnamə bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və hökmən icra olunmalıdır. İzah edilməlidir ki, icra sənədi icra edilərkən Borclu1 MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin 3 otağı (2 saylı otaq y/s 10,18 kv.m, 3 saylı otaq y/s 12,03 kv.m, 4 saylı otaq y/s – 18,4 kv.m) boşaldılmalıdır. Eyni zamanda izah edilməlidir ki, icra sənədi icra edilərkən "xxxx" MMC-yə məxsus qeyri-şəxslərin istifadəsində olan və mənzilə aid həmin otaqların zəbt edilmiş hissəsinin boşaldılması da nəzərdə tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. İzah edilsin ki, Yasamal rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(004)- 7124/2016 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir və həmin qətnamə bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və hökmən icra olunmalıdır. İzah edilsin ki, icra sənədi icra edilərkən Borclu1 MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin 3 otağının (2 saylı otaq y/s 10,18 kv.m, 3 saylı otaq y/s 12,03 kv.m, 4 saylı otaq y/s – 18,4 kv.m) qeyri-şəxslərin istifadəsində olan və mənzilə aid həmin otaqların zəbt edilmiş hissəsi boşaldılmalıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabient vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar