Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-283/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 vurulmuş maddi zərərə görə 735 (yeddi yüz otuz beş) manat əsas pul və 32,60 manat (otuz iki manat altmış qəpik) dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ekspertiza xərcinin cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024 saylı icra sənədi üzrə borclu X5 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024 saylı qətnamənin icrası ilə bağlı 735 manat məbləğin aylara bölünərək ödəməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024 saylı mülki iş üzrə çıxarılmış qətnamənin icrası ilə bağlı maddi zərərə görə 735 (yeddi yüz otuz beş) manat əsas vəsaiti birdəfəliyə ödəyə bilmir. Hal-hazırda işsizdir və maddi imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən borclu X5 ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin olunmasını və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024 saylı qətnaməsi ilə qət edilmiş 735 manat borcun hər ay 50 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İcra işi üzrə icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-800/2024 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 vurulmuş maddi zərərə görə 735 (yeddi yüz otuz beş) manat əsas pul və 32,60 manat (otuz iki manat altmış qəpik) dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat ekspertiza xərcinin cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024-030 saylı icra sənədi üzrə icraata başlanılması, borclu X4 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024 saylı qətnaməsinə əsasən, borclu X5 tərəfindən vurulmuş maddi zərərə görə 735 (yeddi yüz otuz beş) manat əsas pul və 32,60 manat (otuz iki manat altmış qəpik) dövlət rüsumu olaraq, iddiaçı Tələbkar ödənilməlidir. Məhkəmə qeyd edir ki, borclu hal-hazırda işsizdir və maddi vəziyyəti ağırdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçi (borclu) X5 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-800/2024 saylı qətnaməsi ilə qət edilmiş, cəmi 767,60 (yeddi yüz altmış yeddi manat altmış qəpik) manat pul hər ay 100 (yüz) manat olmaqla hissə-hissə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi (borclu) X5 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(004)-800/2024 saylı qətnaməsi ilə qət edilmiş, cəmi 767,60 (yeddi yüz altmış yeddi manat altmış qəpik) manat pul hər ay 100 (yüz) manat olmaqla hissə-hissə ödənilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-283/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-283/2025
15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver