Məhkəmə qərarları › İş №8(004)-285/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-285/2024

03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-285/2024 03.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-481/2022 nömrəli xx.xx.2022ci il tarixli icra sənədi əsasında verilmiş "Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Orxan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Orxan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-481/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay hər uşaq üçün 193 manat olmaqla ümumilikdə 386 manat alimentin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi əsasında başlanılmış icraat prosesində Borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər müsbət nəticə verməmişdir. Borclu adına hər hansı əmlak aşkar edilməmiş, barəsində axtarış işi açılmaqla axtarışa verilmişdir. Məlum olmuşdur ki, Borclu xx.xx.2023cü il tarixdə ölkə hüdudlarını tərk etmişdir. Hazırda icra sənədi üzrə qalıq borc 10808 manat təşkil edir. Məhkəmə qərarı əsasında verilmiş icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmədən xahiş edilir. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-481/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsi əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-481/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. İcra işi hazırda Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icraatındadır. İş materiallarına icra orqanının Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsinə dair qərarı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Borclunun axtarılması haqqında qərara əsasən müəyyən edilir ki, Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarına Borclu icra orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatı əlavə edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Borclu mülkiyyətində daşınmaz və ya dövlət qeydiyyatına alınan daşınar əşya (avtomobil və s.) mövcud deyildir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin olunmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, icra orqanı tərəfindən alternativ icra hərəkətləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra olunmaması, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra olunmasında məhkəmələrin xüsusi hüquqi marağı, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materiallarında qeyd olunan xüsusatlar nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-481/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-481/2022 nömrəli xx.xx.2022ci il tarixli icra sənədinə əsasən, xx.xx.1984-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar