Məhkəmə qərarları › İş №8(004)-296/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-296/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-296/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Borclu, Tələbkar iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(004)- 1226/2024 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(004)-1226/2024 saylı icra sənədinin hər ay 300 (üç yüz) manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(004)-1226/2024 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 6100 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. O, heç vaxt borcu ödəməkdən yayınmamış və qaytarmaqdan imtina etməmişdir. 8 ilə yaxındır ki, dəfələrlə pul almış və faiziylə geri qaytarmışdır. Son dəfə evini satıb xanımın 10000 manat pulunu tam olaraq vermişdir. İndiki borcu birdəfəlik bağlaya bilməz, özünə də qismən ödənilməsini təklif etmişdir, lakin xanım razılığa gəlməmişdir. İcra məmurunun qərarına əsasən borc əmək haqqına yönəlmişdir, bu məbləğ onun yaşayışına ciddi təsir edəcək. Səbəb olaraq bildirmişdir ki, 1 ildir boşanmışdır, uşağı və xəstə anası onun himayəsindədir və onların ehtiyaclarını özü ödəyir. Övladı yetkinlik yaşına çatmamışdır, anası isə əlildir. Durmunu nəzərə alaraq məbləğin 20% tutulmasında dəstək olmasını xahiş edir. Əmək haqqı 1500 manat təşkil edir, 50% çıxılsa, 750 manat qalır. O, övladı və anası ilə kirayə qalır. 320 manat kirayə haqqı ödəyir. Özünün yaşaması və digər xərclərinin ödənilməsinə qalan məbləğ kifayət etmir. Hər ay 300 (üç yüz) manat ödəyə bilər. Bu barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, borcun ödənilməsinə etirazı yoxdur, hazırki tutulan məbləğ onun yaşayışına uyğun deyil. 750 manatla yaşamaq çətindir. Təxminən 5400 manat borcu qalmışdır. Himayəsində azyaşlı qızı və xəstə anası vardır. Bu barədə sənədləri təqdim etmişdir.. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(004)-1226/2024 saylı qətnaməsinin hər ay 300 manat olmaqla hissə-hissə ödənilməsinə dair qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək, bildirdi ki, ona verilən borcu başqalarından götürmüşdür, həmin şəxslərə borcun ödənilməsi üçün indi özü işləyir. Bu səbəbdən ailə münasibətlərində də problem yaranmışdır. Borclu hal-hazırda 750 manat maaşından tutulduğunu qeyd etsə də, faktiki olaraq hələ ki, həmin məbləğ ona ödənilməmişdir. Məbləği tam tələb edir. Borcun hər ay 300 manat olmaqla ödənilməsi onun mənafeyinə ziddir. Ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilmiş, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu və tələbkarın izahatını dinləyib, ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(004)-1226/2024 saylı icra vərəqəsindən görünür ki, Borclu 6100 manat məbləğində pul və 81 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan Yasamal rayon icra şöbəsinin 03 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(004)-1226/2024 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən çxarışından görünür ki, X1 birinci dərəcəli əlillik təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(004)- 1226/2024 saylı icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 300 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 300 manat ödənilməsi məbləğin 1 il 6 aydan da uzun müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(004)- 1226/2024 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar