Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-3/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ tələbkar X3 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından şikayətinə dair iş üzrə (açar sözlər: icra məmurunun qərarından şikayət) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, tələbkar X6, borclunun nümayəndəsi X4 iştirakı ilə, tələbkar X3 Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cı il tarixli, 2(004)- 585/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Borclu MMC-nin xx.xx.2023-cü il tarixli, 383 nömrəli əmrinin ləğv edilməsi, X3 Borclu MMC-nin “Müalicə işləri üzrə direktor müavini” (Baş Həkim) vəzifəsinə bərpa olunması, Borclu MMC tərəfindən məcburi işburaxma dövrü üçün əmək haqqı hesablanaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cı il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-585/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
3. Borclu MMC-nin “İşçinin işə bərpa olunması və bununla bağlı digər məsələlərin tənzimlənməsi barədə” xx.xx.2024-cü il tarixli, 10/24 nömrəli əmri ilə X3 Baş həkim vəzifəsinə bərpa edilməsi, bununla əlaqədar ona məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsinin təmin edilməsi, X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi əmr edilmişdir.
4. Borclu MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 17/24 nömrəli məktuba əsasən X3 əmək müqaviləsinin bildirişini müvafiq qaydalara uyğun vahid elektron sisteminə qaytarılması xahiş edilmişdir.
5. xx.xx.2024-cü il tarixli “A” formatlı ödəniş tapşırığına əsasən Borclu MMC tərəfindən X3 hesabına 11080,33 manat məbləğdə pul köçürülmüşdür.
6. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2024-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən icra sənədində qeyd olunan tələb icra hərəkətləri nəticəsində borclu tərəfindən tam şəkildə təmin olunduğundan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-585/2024 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından çıxarışdan görünür ki, Borclu MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsi ilə bağlı xx.xx.2023-cü il tarixdə “xitam edildi”, xx.xx.2024-cü il tarixdə isə “qüvvəyə mindi” statuslu dəyişikliklər sistemə daxil edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş məktubda göstərilmişdir ki, Borclu MMC tərəfindən X7 Xidmətinə X3 xitam əmrinin ləğv edilməsinə dair müraciətinə baxılmış və işəgötürənə xx.xx.2024-cü il tarixdə həmin sənədin silinməsi üçün icazə verilmişdir. Sözügedən icazənin müddəti 1 gün olur. Belə ki, xitam əmri xx.xx.2024-cü il tarixdə sistemdən silinmişdir.
Şikayət tələbi, proses iştirakçılarının izahatları
a) Şikayət tələbi
9. Tələbkar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun qərarından şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-585/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam barədə qərarın ləğv edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra vərəqəsinin Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Şikayətin əsaslarına görə, qərar tam icra olunmamışdır. Belə ki, əvvəlki iş şəraiti (Baş həkimə məxsus iş otağı və ləvazimatları, xəstəxana proqramına daxil olmağına icazə verilməsi) təmin edilməmiş, məcburi iş buraxma dövrü üçün əmək haqqı tam ödənilməmişdir. b) Proses iştirakçılarının izahatları
11. Məhkəmə iclasında tələbkar X6 şikayətin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında borclunun nümayəndəsi X8 göstərdi ki, borclu köhnə rəhbərliyin vaxtında işdən azad olunmuşdur, o şirkətin yeni direktoru olduğundan tələbkarla heç bir ədavəti yoxdur. İşə bərpa olunma barədə məhkəmə qətnaməsi tam təmin olunmuşdur, lakin may ayından etibarən borclu işə davamlı çıxmadığından ona görə əmək haqqı ödənilmir.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyev icra sənədinin tam icra olunduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
15. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
17. “İcra haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir; Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır; Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
Məhkəmənin mövqeyi
18. Məhkəmə şikayəti, ona əlavə olunmuş sənədləri və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir.
19. Əsasında icra icraatı aparılmış icra sənədindən görünür ki, 1) X6 Borclu MMCnin “Müalicə işləri üzrə direktor müavini” (Baş Həkim) vəzifəsinə bərpa olunmalı; 2) Borclu MMC tərəfindən məcburi işburaxma dövrü üçün əmək haqqı hesablanaraq X5 ödənilməlidir.
20. İcra məmuru icra sənədi üzrə icraata xitam verərkən ona istinad etmişdir ki, hər iki tələb tam icra olunmuşdur. Tələbkar isə hər iki tələbin tam icra olunmadığını bildirir. Belə ki, onun işə bərpa olunması barədə xx.xx.2024-cü il tarixli əmr izalansa da faktiki iş şəraiti təmin edilməmiş, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməmişdir.
21. İş materiallarında olan borclu MMC-nin xx.xx.2024-cü il tarixli, 10/24 nömrəli əmri ilə X6 Baş həkim vəzifəsinə bərpa edilmiş və bununla əlaqədar ona məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi təmin edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixə qədər olan məcburi iş buraxma dövrü üçün əmək haqqının – 11080,33 manat məbləğin ödənilməsi işin mübahisəsiz halıdır.
22. Məhkəmə ilk növbədə tələbkarın iş şəraitinin təmin edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, şəxs məhkəmə qətnaməsi üzrə əvvəlki işinə bərpa olunduqdan sonra əmək şəraitinin təmin edilməməsi işə bərpa olunma barədə icra sənədinin predmeti deyildir. Belə ki, işə bərpa olunma barədə icra sənədi üzrə görülməli icra hərəkətləri şəxsin əvvəlki vəzifəsinə bərpa olunması, yəni hüquqi müstəvidə əmək münasibətlərinin realizəsinin təmin edilməsi ilə məhdudlaşır.
23. Bununla belə, burada dəqiqləşdirilməli məqam odur ki, şəxs formal yox, həqiqətən, qanunvericiliyin tələblərinə uyğun işə bərpa olunsun.
24. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndində əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
25. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
26. Göründüyü kimi, bu barədə qanunvericiliyin mövqeyi ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Əmək müqaviləsi və ya ona dəyişiklik də tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda qüvvəyə minir.
27. Məhkəmə qeyd edir ki, borclu MMC tərəfindən xx.xx.2024-cü il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi əmr edilsə də, bu özlüyündə şəxsin əvvəlki işinə bərpa olunduğu yönündə hüquqi nəticə yarada bilməzdi. Ona görə ki, Əmək Məcəlləsinin tələbinə uyğun belə bir dəyişiklik elektron imza ilə imzalanmaqla elektron informasiya sisteminə daxil edilməli idi.
28. İş materiallarından olan sübutlardan isə görünür ki, Səməd Səmədovun əmək müqaviləsi ilə bağlı sözügedən dəyişiklik xx.xx.2024-cü il tarixdə sistemə işlənmiş, həmin tarixdə xitam əmri sistemdən silinmişdir.
29. Odur ki, tələbkarın rəsmi olaraq işə bərpa olunduğu tarix xx.xx.2024-cü il tarixi qəbul olunmalıdır.
30. Belə olan halda isə, məhkəmə qətnaməsinin və icra sənədinin tam təmin edilməsi üçün şəxsin işə bərpa olunduğu xx.xx.2024-cü il tarixinə qədər məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanaraq ödənilməli idi. Lakin, məcburi iş buraxma dövrü üçün əmək haqqı xx.xx.2024-cü il tarixə qədər ödənildiyindən bu hissədə icra sənədi tam icra olunmamışdır. Buna görə də, icra məmurunun icra sənədi üzrə icraata xitam qərarının ləğv edilməsi barədə şikayət əsaslıdır.
31. Beləliklə, işin yuxarıda sadalanan hallarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, şikayət təmin edilməli və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir.
32. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 585/2024 nömrəli qətnaməsi üzrə icra vərəqəsi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə