Məhkəmə qərarları › İş №8(004)-302/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-302/2024

16.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-302/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Tələbkar, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə iş üzrə borclu X3 tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) X3 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin icraatında Tələbkar ona qarşı olan icra sənədinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ona qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 13 fevral tarixli qətnaməsi ilə təmin edilmiş, Tələbkar Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən tərəfimdən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsindən ötrü Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və hazırda şöbənin icraatındadır. Bildirmişdir ki, o, Tələbkar qarşı mübahisəli, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzilin naturada bölünməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və hazırda qeyd edilən mülki iş hakim Vahid Hacıyevin icraatındadır. Məhkəmə iclasında iştirak edən borclu X3 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bacısı tələbkar qismində həmin mənzilə köçürülsə onlar bir yerdə yaşaya bilməzlər. Belə ki, onlar arasında konflikt var. Bundan basqa ev mənzildir və onların orada birgə yaşamaları qeyri mümkündür. Ona görə də, paylarının naturada bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, hazırki iş üzrə icra işi dayandırılmalıdır. Odur ki, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək bildirdi ki, icra sənədinin dayandırılması üçün heç bir əsas yoxdur. Borclu qəsdən qətnamənin icrasını ləngidir. Onun həmin mənzil üzərində mülkiyyət hüquqları var və məhkəmə qətnaməsi ilə öz mülkiyyətində olan mənzilə köçürülməsi qət edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri və eləcə də, icra işinin materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-445/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Tələbkar ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur Həmin Qanunun 17-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; [35] 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; [36] 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; [37] 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; [38] 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 18-ci maddəsinə əsasən icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. Məhkəmə qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18ci maddələrində icra sənədi üzrə icraatın dayandırılmasını məcburi edən və mümkün edən hallar göstərilmiş, borclunun ərizəsində göstərdiyi hal isə icra sənədinin dayandırılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-445/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə iş üzrə borclu X3 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar