Məhkəmə qərarları › İş №8(004)-310/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-310/2023

08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-310/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin iştirakı ilə, İş üzrə tələbkar X6 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair verdiyi şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş üzrə tələbkar X10 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin hərəkəti və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) borclu Gültən Ramazanova tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün məhkəmə qərarını icra etməyə borclu olan Gültən Ramazanovanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin (təqdimatın hazırlanması) görülməsinin Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin üzərinə vəzifə öhdəliyi olaraq qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017-ci il tarixli, özünün qanuni qüvvəsini almış qətnaməsi (icra sənədi) altı ildir ki, borclu Gültən Ramazanovanın əsassız, uydurma bəhanələri səbəbindən icra olunmamış qalır. Bunun səbəblərindən ən başlıcası isə hesab edir ki, icra sənədinin icrası həvalə olunmuş, Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin işin icraatını aparan icra məmurlarının (hazırda icra vərəqəsinin icrası icra məmuru Orxan Abdullayevin icraatındadır) məsuliyyətsizliyi, səriştəsizliyi və bəlkədə icra vərəqəsinin icra olunmamasında “maraqları”nın olmasıdır. Bunun təsdiqi olaraq, icra məmuru Orxan Abdullayevin borclu Gültən Ramazanovanın icra məmurunun tələblərindən qərəzli yayınmaya görə məhkəməyə təqdim etdiyi təqdimatını göstərmək olar. Belə ki, həmin təqdimatla əlaqədar icra məmuru məhkəmədə məhkəmənin sualına cavabı olaraq bildirib ki, borclu Gültən Ramazanova ödəməli olduğu məbləği hər ay hissə-hissə ödəyir və onun ödənilməmiş borcu cəmi 16500 (on altı min beş yüz) manatdır. Halbuki, əvvəla borclu icra vərəqəsinin icraata götürüldüyü tarixdən 6 (altı) ilə yaxın müddətin keçməsinə hələ də 22000 (iyirmi iki min) manatdan yuxarı borc ödənilməmiş qalıb və son yeddi aydır ki, ümumiyyətlə heç bir ödəniş olunmur. İcra məmuru isə məhkəməyə görüntü üçün təqdimatını göndərir, məhkəmədə də borclunun ona olan borcunu azaltmaqla, yalan məlumat verərək qalmış borcun 16500 (on altı min beş yüz) manat olduğunu bildirir. Bu isə o anlama gəlir ki, icra məmuru ya bu işdə maraqlıdır, yada ki, icrasına verilmiş icra sənədinin icraatını bacarmır, səriştəsizdir. İşin belə məcrasına cavabdeh də ona görə icra şöbəsinin rəhbərliyidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev bildirmişdir ki, icraatında olan bu iş daimi nəzarətdə saxlanılır, borcun ödənilməsi ilə bağlı cavabdehlə mütəmadi olaraq telefon vasitəli əlaqə saxlanılır. Borcun nə qədər olması ilə bağlı nə tələbkar, nə də borclu qəbzlər və sübutlar təqdim etməmişlər. Tələbkarla əlaqə saxlaya bilmədiyi üçün qəbzlərdə qeyd olunan təxmini məbləğlərin borclunun dediyi ifadələrdən yazıldığını bildirmişdir. Tərəflər öz aralarında razılaşaraq özləri bir-birinə ödənişlər edirlər və ödəniş barədə məlumat verilmədiyi bildirmişdir. Ona görə icra şöbəsi borcun tam nə qədər olduğunu tam nəzarətdə saxlaya bilmir. Əlavə olaraq icra məmuru bildirmişdir ki, borclunun himayəsində azyaşlı uşağı olduğu üçün və o, borcu hissə-hissə ödədiyi üçün onun barəsində tərtib olunmuş protokol hakim tərəfindən təmin edilməmişdir. Borclunun rəsmi gəlirinin olmadığını, ona məxsus bir nəqliyyat vasitəsinin olduğunu və üzərinə həbs qoyulduğunu bildirmişdir. Qeyd olunanlara əsasən şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayət ərizəsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini və icra işini araşdıraraq, hesab edir ki, verilmiş şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında və icra işində olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017ci il tarixli icra vərəqəsinə əsasən tərəflər arasında bağlanılmış 24 noyabr 2013-cü il tarixli kredit müqaviləsi ləğv edilməli, 24 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 10000 (on min) manat məbləğində pul vəsaiti, həmin məbləğə hesablnmış illik faiz dərəcəsi 5 faiz olmaqla üç ilə hesablanmış 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq iddiaçı X7 ödənilməli, tərəflər arasında bağlanılmış 01 may 2014-cü il tarixli tapşırıq müqaviləsi ləğv edilməli, 01 may 2014-cü il tarixli tapşırıq müqaviləsinə əsasən 30756 (otuz min yeddi yüz əlli altı) manat məbləğində pul vəsaiti cavabdeh X2 tutularaq iddiaçı X7 ödənilməlidir. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən X4 icra sənədində göstərilən tələbin 10 gün ərzində könüllü icra etməyi xahiş olunmuşdur. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli borclunun axtarılması haqqında qərarına əsasən X5 barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1196/2018 saylı, 17 avqust 2018-ci il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilərək, X3 ölkədən getmək hüququ icra sənədi icra olunanadək, müvəqqəti məhdudlaşdırılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1197/2018 saylı, 28 avqust 2018-ci il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilərək, X3 mülkiyyətində qeydiyyatdan keçən “Kia Sorento” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. - X1 xx.xx.2023-cü il tarixli izahatına əsasən o, bildirmişdir ki, hazırda cəmi 15000- 16000 manat borcu qalıb. Borc məbləğinin böyük hissəsini ödəmişdir. Qalan borcunu qısa müddət ərzində tam şəkildə ödəcəyini qeyd etmişdir. - X1 xx.xx.2023-cü il tarixli iltizamına əsasən o, bildirmişdir ki, iş üzrə tələbkar X7 500 manatdan aşağı olmamaq şərti ilə yaranmış borc məbləğindən ödəcəyinə söz vermişdir. Ödəmədiyi təqdirdə icra məmuru tərəfindən hüquqları və məsuliyyəti barədə ona tam izah edərək xəbərdar olunduğunu qeyd etmişdir. - X1 xx.xx.2023-cü il tarixli izahatına əsasən o, bildirmişdir ki, borcdan 70 faizi tam ödəmiş, 16000 manat təxmini borcun qaldığını, stabil olaraq (bir ayın ödənişi istisna olmaqla) hər ay ödəniş etdiyini, imkanı olduğu zaman borcu tam şəkildə ödəcəyini qeyd etmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1572/2023 saylı, 16 mart 2023cü il tarixli qərarına əsasən X3 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş 16 mart 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2730/2017 saylı, 13 mart 2017-ci il tarixli qətnaməsi xx.xx.2017-ci il tarixdə icraya yönələrək həmin tarixdə icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra olunması üçün icra tədbirləri görülmüşdür. Bundan sonra nəzarət qaydasında və eyni zamanda tələbkarın ərizələri əsasında icra məmuru tərəfindən müxtəlif qurumlara (borclunun mülkiyyətində olan əmlakları barədə, gəlirləri barədə və s.) xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə sorğular verilmiş və cavablar alınmış, borcluya tələbin icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə bildiriş göndərilmiş, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıqlar edilmişdir. Bundan başqa icra məmurunun təqdimatları əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1196/2018 saylı, 17 avqust 2018-ci il tarixli qərardadı ilə X1 ölkədən getmək hüququ icra sənədi icra olunanadək, müvəqqəti məhdudlaşdırılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1197/2018 saylı, 28 avqust 2018-ci il tarixli qərardadı ilə onun mülkiyyətində olan “Kia Sorento” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, barəsində və əmlakı barədə axtarışlar verilmiş və digər icra hərəkətləri yerinə yetirilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Beləliklə, şikayət ərizəsi və müfaviq icra işi araşdırılaraq müəyyən edilmişdir ki, icra məmuru, müvafiq “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri icra edərək yerinə yetirmiş, icra vərəqi üzrə qanunda müəyyən edilmiş müddətdə icraata başlamaq haqqında qərar qəbul etmiş, icra sənədinin icra olunması üçün icra istiqamətində dəfələrlə istər tələbkarın ərizələri, istərsə də, icra nəzarət qaydasında müvafiq qurumlara sorğular vermiş və bununla da, öz vəzifələrini yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətləri qanuni olduğundan və icra məmurunun hər hansı hərəkətsizliyi müəyyən edilmədiyindən, iş üzrə tələbkar X6 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə tələbkar X6 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar