Məhkəmə qərarları › İş №8(004)-314/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-314/2023

24.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-314/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, tələbkar Alməmmədova (Quliyeva) Aysel Rüstəm qızının, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadənin Borclu adına qeydiyyatda olan «Lexus LS 460 minik» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə Borclu adına qeydiyyatda olan «Lexus LS 460 minik» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə qanuna uyğun olaraq icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcraat zamanı “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu mülkiyyətində “Lexus LS 460 minik” markalı, “**-KT-***” dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, Borclu mülkiyyətində olan “Lexus LS 460 minik” markalı, “**-KT-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə izahat verərək bildirdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2009cu il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 verilməsi, alimentin tutulma müddətinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi qət edilmiş, icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icratına daxil olmuş və həmin tarixdə qanuna uyğun olaraq icraata başlanılmışdır. Tələbkar şöbəyə müraciət edərək borclu tərəfindən alimentin ödənilmədiyini bildirmişdir. İcraat zamanı “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu mülkiyyətində “Lexus LS 460” minik markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Hazırda borclunun qeyd olunan icra sənədi üzrə 3080 manat aliment borcu vardır. Ödənişlə bağlı heç bir sənəd şöbəyə təqdim etməmiş, özünə müraciət etdikdə heç bir ödəniş etməyəcəyini bildirmişdir. Uşaqların təhsil haqlarını ödədiyini, buna görə də, alimenti ödəmiş saydığını bildirmişdir. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Alməmmədova (Quliyeva) Aysel Rüstəm qızı izahat verərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarıldığı gündən bu günə kimi borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Bildirmişdir ki, hazırki zamanda 440 manat uşaqların saxlanılması üçün yetərli deyildir. Borclu uşaqların təhsil haqlarını qismən 1500 manat civarında ödəniş etmiş, tam ödəməmişdir. Təhsil haqqı illik 4000 manatdır. Balaca övladı isə baxçaya gedir. Onun pulunu özü ödəyir. Hesab edir ki, bu aliment borcuna aid deyildir. Borclu özü uşaqla danışaraq razılığa gəlmişdir. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Tələbkar Alməmmədova (Quliyeva) Aysel Rüstəm qızının vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, icra məmurunun təqdimatına uzun müddət baxılmaması tələbkara ödənilməli olan alimentin tutulmasını da mümkünsüz edir ki, bu da azyaşlı uşağın maddi təminatsız qalmasına səbəb olur. Qeyd edilənlərə əsasən, icraatda olan işə təxirəsalmadan baxaraq, təqdimatın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin onu da nəzərə çatdırmışdır ki, təqdimata baxılması hər hansı əlavə araşdırma tələb etmir və üzərinə həbs qoyulması xahiş edilən nəqliyyat vasitəsinin hansı dövrdə alınması ona tələb yönəldilməsinə maneə ola bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə borclu məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirmişdir ki, ödənişlər olub, məktəb pulu, bundan başqa 800 manat bir, 600 manat bir ödəmişdir. O, ödənişləri xalasının kartına ödəmiş və uşaqla göndərmişdir. Bildirmişdir ki, məktəb pulu ödəniləcəyi təqdirdə aliment ödəməyəcək. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adına «Lexus LS 460 minik» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobili qeydiyyatdan keçmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin icrası üçün məcburi icra tədbirləri kimi Borclu adına qeydiyyatda olan «Lexus LS 460 minik» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına olan «Lexus LS 460 minik» markalı, **- KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar