Məhkəmə qərarları › İş №8(004)-316/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-316/2025

22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-316/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, X1, Borclu iştirakı ilə, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 4569/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 4569/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-4569/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin ölkə üzrə yaşayış minumumu məbləğində müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4569/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tələbkarın Borclu ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü qızları X3 yetkinlik yaşınadək saxlanılması üçün Borclu 2020-ci ilin yaşayış minimumu miqdarı olan 170 manat məbləğində alimentin tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu alimentin indiki məbləğdə qalmasını, daha yüksək məbləğdə aliment ödəməyə maddi imkanının olmadığını, hazırda ailəli olduğunu, yeni övladının dünyaya gələcəyini nəzərə alaraq, ərizənin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4569/2020 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş- xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay 170 manat və xx.xx.2020-ci il təvəllüdlü X5 üç yaşına çatanadək qulluq etmək üçün hər ay 50 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4569/2020 nömrəli qətnaməsi ilə hər ay 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. 2019-cu il sentyabrın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləğinin 250 manat müəyyən edildiyini nəzərə alsaq, 170 manat məbləğdə tutulan aliment 2020-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində müəyyən olunmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxta-2020-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4569/2020 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4569/2020 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar