Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-317/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi (borclu) X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə borclu X3 tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2016 nömrəli, xx.xx.2016-cı il tarixli əmrin hissə-hissə olmaqla hər ay 30-50 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun pensiya kartından Yasamal Rayon İcra Hakimiyyəti 110 manat hər ay kəsir. Qeyd etmişdir ki, o, 220 manat pensiya alır. Özü yaşlı insandır, dolana bilmir. Qeyd olunanlara əsasən, borcunun hər ay hissə-hissə (50 manat) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi (borclu) X3 ərizəsini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri və eləcə də, icra işinin materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclu X1 cəmi 2447,03 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 05 mart 2024-cü il tarixli məktubuna əsasən hal-hazırda borclu X2 396,42 ABŞ dolları qalıq borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olsun. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə əmrinin qəbul edilməsindən və icraya yönəldilməsindən xeyli vaxt keçməsinə baxmayaraq borclu bu günə kimi icra sənədinin icrası məqsədilə zəruri tədbirlər (ödənişlər etməmiş) görməmiş, eyni zamanda əmlak vəziyyəti ilə baglı sübutlar təqdim etməmişdir. Məhkəmə ərizəni təmin etməyərkən onu da nəzərə alır ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2024-cü il tarixli qərarı ilə icraata başlamış, 03 may 2024-cü il tarixli inkasso sərəncamına əsasən hər ay borclu X2 pensiya məbləğindən 110 manat borca tutulur. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3334/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi ilə müəyyən edilmiş məbləğin hər ay 30-50 manat olmaqla ödənilməsini ağlabatan hesab etməyərək, bunu tələbkarın mənafeyinə uyğun hesab etmir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3334/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə borclu X3 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-317/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-317/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver