Məhkəmə qərarları › İş №8(004)-318/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-318/2024

30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-318/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, X1 iştirakı ilə, X1 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə icra məmurunun müvafiq qərarı ilə X1 991 manat təqaüdü və 1000 manat əmək haqqından hər birindən 50% hissədə olmaqla müvafiq olaraq 496 manat təqaüddən, 546 manat isə əmək haqqından tutulma aparılır. İcra sənədi üzrə ümumi borc məbləği 18603,31 manat təşkil edir. Göstərilən tutulan məbləğlər yuxarı həddə təşkil etdiyindən borcun tutulmasının aylıq 200-250 manat həddində müəyyən edilməsi xahiş edilir. X2 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkar və icra məmuruna xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İcra işi materialları məhkəmə tərəfindən əldə edilərək öyrənilmiş və surətləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə nəzərə alır ki, icra sənədinin ümumi məbləği 18603,31 manatdır. Əgər icra sənədinin icra üsulunu ərizədə qeyd olunduğu kimi müəyyən etsək, o zaman ümumi icra sənədinin icrası 72 ay, yəni 6 il ərzində həyata keçiriləcəkdir. Həmin ödəniş qrafikinin də sistemli, davamlı şəkildə keçirilib-keçirilməyəcəyi qeyrimüəyyəndir. Məhkəmə ərizəçiyə hüquqi baxımdan kömək etmək niyyətində olsa da, ərizəçiyə izah edir ki, məhkəmənin özü də qanundan və mövcud məhkəmə təcrübəsindən asılıdır, hakimin öz istədiyi formada hərəkət etmək imkanı istisna olunur. Məhkəmə tələbkarın üstün maraqlarını nəzərə alır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə proses tərəflərindən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Məhkəmə araşdırması zamanı tələbkarın icra sənədi üzrə icra üsulu və qaydasının dəyişdirilməsinə razılığı müəyyən edilməmişdir. Tələbkarın razılığı olacağı təqdirdə məhkəmə ərizənin təmin edilməsi ehtimalını yüksək qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “icra sənədinin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar