Məhkəmə qərarları › İş №8(004)-331/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-331/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-331/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6460/2018 nömrəli icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 xx.xx.2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən qəbul edilmiş icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 159800 ABŞ dolları tutularaq X1na ödənilməlidir. Borclu əmək haqqından 50 % (əlli faiz) tutulması üçün icra məmuru tərəfindən "X7 Azerbaijan” MMC-yə xx.xx.2021-ci il tarixdə müraciət olunmuş və bugünkü tarixədək depozit hesabına cəmi 22484,2 manat pul yığılmışdır. Borclu xx.xx.2023-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsinə ərizə ünvanlayaraq faktiki olaraq qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşadığını bildirərək icra sənədinin Bərdə Rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli qərarla icra sənədinin icra olunması üçün Bərdə Rayon İcra və Probasiya idarəsinə göndərilməsi qərara alınmışdır. Açıq-aşkar görünür ki, Borclu icra sənədi üzrə öhdəliklərindən yayınmaq və müəyyən vaxt qazanmaq üçün üçün formal olaraq Bərdə rayonunda qeydiyyata düşmüşdür. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev isə əsassız və qanunsuz olaraq icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul etmişdir. Qərar ona görə əsassız və qanunsuzdur ki, Borclu iş yeri Bakı şəhəri ərazisindədir. E-taxes.gov.az saytından əldə edilmiş çıxarışdan görünür ki, “X7 Azerbaijan” MMC-nin hüquqi ünvanı ünvan 4xs aydındır ki, Bərdə rayonunda yaşaya bilməz. İcra məmurunun bu cür sadə məntiq xətasını belə görməzdən gəlməsi təəssüf doğurur. Çünki, icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edərkən icra məmuru borclunun iş yeri barədə məlumatı öz qərarında təkrarən qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin Borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilməsinə dair qərarı ləğv olunarkən məhkəmə kollegiyasının istinad etdiyi məsələlərdən biri Borclu “X7 Azerbaijan” MMC-də direktor müşaviri vəzifəsində işləyərək 2245 manat əməkhaqqının olması və həmin əməkhaqqının 1000 manatının borclunun xeyrinə tutulmasını göstərmiş və bu halı onun əməllərində qərəzlilik olmadığını təsdiq edən hal kimi qiymətləndirmişdir. Yasamal Rayon İcra şöbəsindən onlara təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, borclu məhkəmə qərarında qeyd edildiyi kimi 1000 manat deyil, hər ay 500 manat olmaqla ödəniş etmişdir. Bu gün isə görünür ki, borclu icra vərəqəsini icra etməmək üçün yeni bəhanələrdən və fürsətlərdən yararlanmaqdadır. Formal olaraq Bərdə rayonu ərazisinə qeydiyyata düşməklə icra sənədi üzrə öhdəliklərindən yayınmağa, müəyyən vaxt udmağa çalışmaqdadır. Borclu şəxs faktiki olaraq Bakı şəhərində yaşayıb və burada da işləməkdədir. Formal olaraq qeydiyyata düşməklə Bərdədə yaşadığını sübut etmək mümkün deyildir. İş yerindən kənar bir yerdə necə yaşadığını əsaslandırmalıdır. Əks halda məhkəmələr tərəfindən çıxarılmış qətnamələrin icrasında xaos hökm sürər, hər bir borclu vaxt qazanmaq üçün bir yerdən çıxıb digər yerə qeydiyyata düşə-düşə Respublika ərazisini dövr edərlər. Nəticədə dövlətin adından çıxarılmış qətnamə adi bir kağız parçası halına gələr. Hesab edir ki, məhkəmə borclu şəxsin iş yerini dəyişdirib dəyişdirməməsi, həqiqətən də Bərdə rayonu ərazisində yaşayıb-yaşamadığını araşdırmalı və icra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında qərarı ləğv etməlidir. Tələbkarın nümayəndəsi Vəkil məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev məhkəmə iclasında izahatında bildirmişdir ki, borclunun Yasamal rayonu ərazisində yaşaması barədə heç bir sübut yoxdur. Borclu tərəfindən icra şöbəsinə təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat barədə arayışdan da görünür ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhərində yaşayır. Borclu 2023-cü ilin fevral ayında icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə ərizə ilə icra şöbəsinə müraciət etmişdir. O bununla bağlı borclunun işlədiyi şirkətə zəng etmiş və ona bildirmişlər ki şirkətin rayonlarda da şöbələri var. İcra haqqında qanunda da qeyd edilir ki, icra hərəkətləri borclunun yaşadığı yerdə yaxud onun iş yerində həayat keçirilir. Borclunun Yasamal rayon ərazisində işləməsi halı mövcud deyildir. Həmçinin, borclu ərizə ilə müraciət edərək, Bərdə şəhərində yaşadığını qeyd etmiş və yaşayış yeri üzrə qeydiyyat barədə arayış da təqdim etmişdir. Qərar qanunvericiliyin tələbinə əsasən qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə icra işinin materiallarını araşdıraraq və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən, icra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. “İcra haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən, icra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. “İcra haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə və icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə icra sənədi aidiyyəti üzrə göndərilmiş hesab edilir. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Borclu ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Kommersiya qrumlarının dövlət reyestri məlumatlarından görünür ki, “X8 Azerbaijan” MMC-nin hüquqi ünvanı Bakə şəhəri, ünvan 5 olan Borclu Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Borclu Bərdə şəhərində yaşadığını qeyd edərək, icra işinin Bərdə Rayon İcra şöbəsinə göndərilməsi xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 159800 ABŞ dolları tutularaq X1na ödənilməlidir. Həyata keçirilmiş digər zəruri icra tədbirləri ilə yanaşı iş üzrə Borclu əmək haqqından hər ay 50% (əlli faiz) tutulması üçün “X8 Azerbaijan” MMC-yə xx.xx.2021 -ci il tarixdə müraciət olunmuşdur. Əmək haqqındnan tutulmalar və iş üzrə borclu tərəfindən əlavə ödənişlər hesabına şöbənin depozit hesabına 22484,2 manat daxil olmuşdur. Qeyd olunur ki, tələbkar həmin məbləği hazıradək qəbul etməmişdir. İcra sənədi üzrə Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək faktiki olaraq qeydiyyatda olduğu ünvan 7 ünvanında yaşadığını bildirərək icra sənədini icra olunması üçün Bərdə Rayon İcra və probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Bərdə Rayon İcra və probasiya göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın ləğvi üçün əsas mövcud deyildir. Belə ki, qanunvericiliyin tələbinə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun yaşayış yeri Yasamal rayonu ərazisində yerləşdiyi üçün icra sənədi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Borclunun iş yeri isə ümumiyyətlə Yasamal rayonu ərazisində yerləşmir. İcra zamanı borclunun yaşayış yeri dəyişdiyindən, icra məmuru qanunvericiliyin tələbinə əsasən, borclunun yeni yaşayış yeri icra məmuruna göndərilməsi barədə qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən qəbul edilmiş icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi üçün əsaslar mövcud olmadığından, qeyd edilən qərardan X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin nömrəli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar