Məhkəmə qərarları › İş №8(004)-339/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-339/2024

02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-339/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə borclu X4 tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməni hissəhissə, yəni hər ay 150 manat ödəniş etməklə icra etməyə icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X2 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov ondan tələb edir ki, bütün borcu dərhal ödəsin. Lakin o, hal-hazırda xəstədir və qeydiyyatda olduğu ünvanda ambluator müalicə alır. Ağ-ciyəri deşilmiş və su yığılmışdır. Yataq rejimindədir və evdən çıxmaq imkanları məhduddur. Hal-hazırda heç yerdə işləmir və heç bir qazancı yoxdur. Buna baxmayaraq ara-sıra pensioner valideynlərindən borc alaraq icra vərəqəsi üzrə borcunu Yasamal rayon İcra Şöbəsinin depozit hesabına ödəyir. Buna dair qəbzləri də ərizəyə əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək izahatında bildirdi ki, məhkəmə qətnaməsi 30 avqust 2023-cü il tarixdə qəbul edilmiş, lakin həmin vaxtdan bu günə kimi borclu ona heç bir ödəniş etməmişdir. O, ona pulu tam məbləğdə vermiş və tam qaytarılmasını tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri və eləcə də, icra işinin materiallarını araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları və icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh X2 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi, iş üzrə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 1 nömrəli vərəm əleyhinə dispanserin 07 may 2024-cü il tarixli arayışına əsasən X1 tərəfli qeyri-spesifik mənşəli spontan pnevmotoroks diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasına görə qətnamənin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olsun. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən və icraya yönəldilməsindən xeyli vaxt keçməsinə baxmayaraq borclu bu günə kimi icra sənədinin icrası məqsədilə zəruri tədbirlər görməmiş, eyni zamanda əmlak vəziyyəti ilə baglı sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi ilə müəyyən edilmiş məbləğin hər ay 150 manat olmaqla ödənilməsini ağlabatan hesab etməyərək, bunu tələbkarın mənafeyinə uyğun hesab etmir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3079/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə iş üzrə borclu X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar