Məhkəmə qərarları › İş №8(004)-342/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-342/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-342/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Borclu iştirakı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 28,174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat məbləğində pulun Tələbkar xeyrinə tutulması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə əlaqədar icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Eyni zamanda onun tərəfindən müvafiq orqanlara sorğular edilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı “elektron icra” informasiya sistemindən alınmış məlumata əsasən borclunun mülkiyyətində “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Borclu hazırkı dövrədək tələbkara heç bir ödəniş etməmişdir. Borclu təqdimatla bağlı xx.xx.2023-cü il tarixli etiraz ərizəsi və mülahizə verərək bildirmişdir ki, məhkəməyə təqdim olunmuş təqdimat qanunsuz və əsassızdır təmin oluna bilməz. Belə ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3685/2022 saylı qətnaməsi ilə iddiaçı X3 oglunun ona qarşı “Pul” tələbinə dair iddiası qismən təmin olunmaqla ondan iddiaçının xeyrinə 28.000 manat məbləğində pul vəsaiti və 174 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 28.174 manat tutularaq idiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Qətnamə prosessual qanunvericiliyin tələbi üzrə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və iş üzrə icra vərəqəsi verilmişdir. Yasamal rayon İcra Şöbəsində iş üzrə icraata başlamaq haqqında qərar edilmişdir. Qeyd edir ki, borcun yaranmasına səbəb xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus təmir sexində baş vermiş yanğın hadisəsi ilə əlaqədar X2 məxsus mebel sənayesində istifadə olunan və onun sifarişi əsasında hazırlanan “CNC” dəzgahının yanması olmuşdur ki, həmin yanğın zamanı ümumilikdə ona 290.000 manata qədər ziyan dəymişdir. Aidiyyatı məsul şəxsdən ziyanın tələbi barədə iddiası olacaqdır ki, həmin iddia tələbi gələcəkdə təmin olunub icra olunduğu zaman X1 da zərəri ödəniləcəkdir. Bu barədə hadisə zamanı aparılmış araşdırma nəticəsində Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin ”Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ona yeni təqdim olunmuşdur. Bütün bu halları nəzərə alaraq hesab edir ki, məhkəmə iş üzrə qanuni və obyektiv araşdırma apararaq hazırki qətnamənin icası ilə bağlı bu işin icrasının gələcəkdə daha keyfiyyətli və səmərəli icrası üçün mülkiyyətində olan avtomobilin həbsindən və satılmasından əldə olunan gəlirin işin icrasının təmini olmayacağını qəbul edərək təqdimatı təmin etməməlidir. Bundan başqa Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3685/2022 saylı qətnaməsinin icra üsulu heç də mülkiyyətində olan avtomobil deyildir. Belə ki, həmin avtomobil faktiki olaraq tərəfindən satılmış və məbləğ sahibkarlıq fəaliyyətinə yönəldilmişdir. Bu iş üzrə təqdimatın təmini faktlar nöqteyi nəzərindən onu gələcəkdə başqa şəxsin qabağında borclu vəziyyətə gətirib çıxarılmasıdır. Belə olan hallarda onun hüquqları məhdudlaşdırılır başqa şəxslə məhkəmə cəkişmələri yaranır və bu da o deməkdir ki, illər uzunu məhkəmə çəkişmələrinin içində olmalıdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqcusu Bəxtiyar Babayevin Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-3685/2022-015 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi məqsədi ilə“Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimatının təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirir ki, təqdimatla tanış olub, etirazını yazılı şəkildə bildirib. 2022-ci ilin iyun ayının 18-də yanğın olub və bu barədə sənədləri təqdim edib. Qeyd etdiyi yanğın hadisəsi zamanı Tələbkar daxil olmaqla 15 sahibkarın avadanlıqları yanıb. Bu hadisədən 8 ay sonra Fövqəladə Halla Nazirliyi rəy verib. Bu səbəbdən o məhkəmə iclaslarında bu barədə heç nə deyə bilməyib. Üzərinə həbs qoyulması istənilən avtomobili o, 2022-cu ilin iyul ayında notarial qaydada alğı-satqı edib. Lakin özgəninkiləşdirilmədiyinə görə mülkiyyət hüququ ilə onun adında qalmışdır. Verilmiş suala əsasən əlavə olaraq bildirir ki, notarial qaydada alğı-satqı ediblər, yəni ki, sərəncam vermək və digər hərəkətlər edilməsinə icazə verilməsi barədə etibarnamə verib. Bu hadisə məhkəmədən çəkişməsindən 6-7 ay əvvəl olub. Yanğından isə bir ay sonra olub. Hazırda avtomobil onun mülkiyyətindədir, çünki avtomobildə nasazlıq olduğuna görə hazırki faktiki sahibi özgəninkiləşdirilə bilməyib. O ümumi etibarnamə verib, həmin şəxs öz adına avtomobili keçirə də, keçirməyə də bilər. Etibarnamə verdiyi şəxs isə avtomobili öz adına rəsmiləşdirməyib. Etibarnaməni 2022-ci ilin iyul ayında verib. Mülki iş məhkəməyə daxil olduqdan sonra avtomobili digər şəxsin adına rəsmiləşdirmək istəməyib, Yanğın hadisəsi 2022-ci ilin iyun ayında olub, həmin ilin iyul ayında dəymiş zərərlə bağlı pula ehtiyacı olduğu üçün isə avtomobili məcbur qalaraq satıb. İndiki halda da satdığı şəxs avtomobili öz adına keçirə bilmir. Notarial qaydada alğı-satqı müqaviləsi var, lakin hazırda təqdim edə bilmir. Bütün sənədləri icra məmuruna təqdim edib. Notarial alğı-satqı müqaviləsi iyul ayında olubdur. Təqdimatın təmin olunmamasını xahiş edir. İcra sənədi üzrə tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunu dinləyib, icra işi və iş materiallarını nəzərdən keçirib, məhkəmə borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin borc məbləğinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməli, “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Borclu həbs qoyulması tələb edilən nəqliyyat vasitəsini məhkəmə çəkişməsindən öncə digər şəxsə satmasını iddia etməsinə baxmayaraq məhkəməyə buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı icra sənədinin verilməsinə əsas olmuş mülki iş materiallarından müəyyən edilir ki, iddiaçı Tələbkar tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında ərizə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-16(004)-66/2022 saylı qərardadına əsasən təmin edilmiş və “Cadillac Escalade” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Borclu və digər şəxslərə qadağan edilmişdir. Qeyd olunan qərardad qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclunun etirazının bu hissədə dəlili əsassızdır. Bundan başqa, Borclu etirazının digər dəlili ondan ibarətdir ki, hazırki icra sənədi üzrə borc ona məxsus sexdə yanğın hadisəsini baş verməsi və müvafiq avadanlığın yanması olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, icra sənədinin verilməsinə əsas olmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3685/2022 saylı qətnaməsinin məzmunundan müəyyən edilir ki, qeyd olunan faktla bağlı cavabdeh olan Borclu izahatında hər hansı məlumat verməmiş və bunun əksinə olaraq israrla dəzgahı iddiaçıya təhvil vermək niyyətində olduğunu bildirmişdir. Hətta o, məhkəmə baxışı zamanı ilkin izahatında borcu etiraf etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia edilən dəzgahın düzəldilməsi ilə bağlı sifariş götürməmiş, yalnız mövcud dəzgahın təmirinə görə, yəni lampasının dəyişdirilməsinə görə təxmini olaraq 1300-1500 manat almış, həmin vəsaiti isə qeyd olunan materiala sərf etmişdir. Növbəti məhkəmə iclaslarında isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntü tədqiq edildikdən sonra cavabdeh Borclu iddia tələbini qismən qəbul etmişdir. Lakin işin halları ilə müəyyən edilirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixinə dəzgahın dəyərinin əksər hissəsini şifahi razılaşmaya görə ödəmiş, cavabdeh tərəfindən isə sifariş 2 ay müddətinə icra edilərək təhvil verilməli idi. Lakin o, öhdəliyini icra etməmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında bu xüsusatlara yenidən baxılmış və dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Borclu apellyasiya icraatında da bu fakta toxunmamışdır. Eləcə də borclu yanğın hadisəsində məhz həmin avadanlığın yanmasına dair sübut təqdim etməmişdir. İcra sənədi üzrə tələb isə dəzgahın tələbkara qaytarılması deyil, pul vəsaitinin ödənilməsidir. Göründüyü kimi, 2022-ci ilin iyun ayında yanğın hadisəsi baş vermiş olsa da belə, bu hazırki təqdimatın təmin edilməsi üçün maneə deyildir. Beləliklə, məhkəmə borclunun bu dəlilini əsaslı və inandırıcı hesab etmir. Qeyd olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara rəngli "Cadillac Escalade" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar