Məhkəmə qərarları › İş №8(004)-350/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-350/2024

08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-350/2024 08.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Borclunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Borclu mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 26 saylı mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və (və ya) başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutularaq Eyyubova (Məhərrəmova) Mehriban Yusif qızına ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmış, tələbin Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfir vəzifəsində işləyən Borclu əmək haqqından tutulması üçün Azərbaycan Respublikası Xarici işlər Nazirliyinə müraciət edilmişdir. Sonuncu tərəfindən isə yalnız A.X6 Nazirliyində aldığı (və ya saxlanıldığı) və gəlir vergisinə cəlb olunan 955,50 (doqquz yüz əlli beş manat 50 qəpik) manat əmək haqqından tutulma aparılmış, lakin səfir vəzifəsinə görə ona ödənilən haqqdan tutulma aparılmamışdır. Bununla əlaqədar qeyd olunanların araşdırılması, alimentin borclunun qanunvericiliklə yol verilən bütün növ qazanc və gəlirlərindən tutulmanın həyata keçirilməsi, eləcə də icra sənədi üzrə aparılmış aylıq tutulmalar barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ətraflı məlumat verilməsi üçün xx.xx.2021-ci il tarixdə Xarici İşlər Nazirliyinə müraciət edilmişdir. Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda xaricdə ezamiyyət dövründə əməkdaşlara verilən ödəncin hüquqi aktla müəyyənləşdirilmiş konkret məbləğ olduğu, bu ödəncin əmək haqqı adlandırılmasına baxmayaraq onun üzərinə digər əmək haqları kimi qanunvericilikdə nəzərdə tutulan əlavələr hesablanmadığı, eyni zamanda bu ödənclərdən tutulmalar həyata keçirilmədiyi və aliment ödənişlərinin əməkdaşın Xarici İşlər Nazirliyində aldığı (və ya saxlanıldığı) və gəlir vergisinə cəlb olunan əmək haqqından tutulduğu bildirilmişdir. Borclu Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda X4 yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmış və 26 iyul 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Tələbkar şöbəyə müraciət edərək xeyrinə tutulan alimentin Borclu səfir və X4 yanında daimi nümayəndə vəzifələrində əldə etdiyi qazancının və başqa gəlirlərinin yarısı miqdarında hesablanması üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Xarici İşlər Nazirliyinə rəsmi müraciət olunaraq, xx.xx.2018-ci il tarixdən etibarən alimentin borclunun bütün növ qazanc və gəlirlərindən tutulmasının təmin edilməsi, həmçinin qeyd olunan tarixdən Borclu bütün növ qazanc və gəlirləri barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. Xarici İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/25- 15620/25/22 nömrəli müraciətə cavabında, aliment ödənişlərinin tutulması müvafiq əməkdaşın Xarici İşlər Nazirliyində aldığı (və ya saxlanıldığı) və gəlir vergisinə cəlb olunan əmək haqqından tutulmaqla həyata keçirildiyi üçün A.X6 Nazirliyində idarə rəisi olarkən aldığı və gəlir vergisinə cəlb olunan əmək haqqının (-1433,25 manat) 50 faizi saxlanıldığı və aliment ödənişinin bu məbləğdən tutulmaqla həyata keçirildiyi bildirilmişdir. Tələbkar icra məmurunun hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayət ərizəsi ilə məkəməyə müraciət edərək, alimentin Borclu Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri və X4 yanında daimi nümayəndəsi vəzifələrində olduğu müddətdə, o cümlədən Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində aldığı qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında düzgün hesablanmasını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən tələb edilməsini icra məmurunun və yaxud Yasamal rayon icra şöbəsinin üzərinə vəzifə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli, xx/xx/2023-cü il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan tələbkar tərəfindən şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinnin 8(103)-144/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı lağv edilmiş, Tələbkar icra məmurunun hərəkətlərindən şikayəti təmin edilmiş, icra məmurunun hazırkı icra sənədi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmiş, icra sənədinə əsasən Borclu 3 uşağın saxlanılması üçün qazancının (başqa gəlirlərinin) yarısı miqdarında xx.xx.2018-ci il tarixdən tutulmalı olan alimentin miqdarının hazırkı qərardadın əsaslandırıcı hissəsində müəyyən olunmuş qaydaya uyğun hesablanmaqla tələbkara ödənilməsinin təmin edilməsi Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli məktubla qərardadın surəti Xarici İşlər Nazirliyinin Maliyyə idarəsinə göndərilmiş və Borclu xx.xx.2018-ci il tarixdən tutulmalı alimentin miqdarının qərardadın əsaslandırıcı hissəsində müəyyən olunmuş qaydaya uyğun hesablanması və ötən dövrdə yaranmış aliment borcunun məbləği barədə məlumat verilməsi xahiş olunmuşdur. Xarici işlər Nazirliyinin Maliyyə idarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş cədvəldən məlum olmuşdur ki, A.X6 Nazirliyində aldığı (və ya saxlanıldığı) əmək haqqından cəmi 37595,82 manat tutulmuş, rotasiya dövründə isə (sentyabr 2018 - iyun 2023) aldığı 247 498,26 avrodan isə tutulma aparılmamışdır. Nəticədə xx.xx.2023-cü il tarixə 123 749,13 avro aliment borcu yaranmışdır. Bununla əlaqədar icra məmuru tərəfindən aliment üzrə yaranmış borc hesablanmış, 218 923,39 (iki yüz on səkkiz min doqquz yüz iyirmi üç min manat 39 qəpk) manat aliment borcu müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə “aliment üzrə borcun müəyyən edilməsi haqqında” müvafiq qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 8(103)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qərarın ləğvi ilə bağlı şikayət təmin edilməmişdir. Buna baxmayaraq yaranmış aliment borcu hazıradək ödənilməmişdir. İcraat zamanı elektron icra informasiya sistemindən Borclu məxsus əmanətlər və qiymətli kağızlar müəyyən edilməmişdir. Həmin sistemdən məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 30, 26 saylı mənzil Borclu mülkiyyətindədir və ona məxsus digər mənzillər də mövcuddur. Yaranmış 218 923,39 (iki yüz on səkkiz min doqquz yüz iyirmi üç min manat 39 qəpik) manat aliment borcunun ödənilməsinin təmin etmək məqsədilə hesab edir ki, borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatı müdafiə edərək təqdimata uyğun izahat verdi və bildirdi ki, Xarici işlər Nazirliyinin Maliyyə idarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş cədvəldən məlum olmuşdur ki, A.X6 Nazirliyində aldığı (və ya saxlanıldığı) əmək haqqından cəmi 37595,82 manat tutulmuş, rotasiya dövründə isə (sentyabr 2018 - iyun 2023) aldığı 247 498,26 avrodan isə tutulma aparılmamışdır. Nəticədə xx.xx.2023-cü il tarixə 123 749,13 avro aliment borcu yaranmışdır. Bununla əlaqədar icra məmuru tərəfindən aliment üzrə yaranmış borc hesablanmış, 218 923,39 (iki yüz on səkkiz min doqquz yüz iyirmi üç min manat 39 qəpk) manat aliment borcu müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə “aliment üzrə borcun müəyyən edilməsi haqqında” müvafiq qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 8(103)-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qərarın ləğvi ilə bağlı şikayət təmin edilməmişdir. Buna baxmayaraq yaranmış aliment borcu hazıradək ödənilməmişdir. Məhkəmədən onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil izahat verərək bildirdi ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar əsassızdır, heç bir xarici ölkədə səfirin digər qazanclarından, ezamiyə xərclərindən pul tutulmur. Onlar bu qərarın icrası ilə bağlı hətta tələbkara dəyəri borcdan da yüksək olan mənzili təklif etmişlər. Hətta qərarı qərəzdi hesab etsələr də, uca məhkəmə qarşısında bayrağa hörmət edərək alimenti də ödəyirlər. Lakin borclunu elə qələmə verirlər ki, guya borcunu ödəmir, uşaqlarına baxmır. Hal-hazırda təqdimatda həbs qoyulmalı olan mənzili də tələbkara təklif ediblər, üstündə də daha iki mənzil, hər uşağa bir mənzil. Uşaqlarla ünsiyyət tələbinə dair məhkəmə qətnaməsi mövcuddur, lakin icra məmuru bildirir ki, guya uşaqlar görüşdən imtina edir. Lakin icra məmuru tələbkar barəsində bununla bağlı heç bir tədbir görməyib. Onlar isdərdilər ki, bu məsləni tərəflər arasında barışıqla həll etsinnər. Həbsin məqsədi onsuzda əmlakın satılaraq borca yönəldilməsini təmin etməkdir. Hansı ki, borclu bu mmlakı tələbkara könüllü təklif edir. Lakin o bundan imtina edir. Göründüyü kimi qarşı tərəfin məqsədi sadəcə qərəzli mövqe sərgiləməklə onları incitməkdir. Qeyd olunanlara əsasən məhkəmədən təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Borclu qazancının və (və ya) başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə icraya yönələrək həmin tarixdə icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra olunması üçün müvafiq qurumlara göndərilmişdir. Bundan sonra nəzarət qaydasında və eyni zamanda tələbkarın ərizələri əsasında icra məmuru tərəfindən icranın vəziyyəti barədə sorğular verilmiş və cavablar alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun xx.xx.2023-cü il tarixli aliment üzrə borcun müəyyən edilməsi haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu yaranmış aliment borcu 218923,39 (iki yüz on səkkiz min doqquz yüz iyirmi üç manat 39 qəpik) manat müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin icrası üçün məcburi icra tədbirləri kimi Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 26 saylı mənzilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 26 saylı mənzilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar