Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-357/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, iş üzrə Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4271/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4271/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 1907.6 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar ASC (Ləğv prosesindədir)-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.1982-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Borclu təqdimata etiraz edərək bildirdi ki, onu heç kim şöbəyə çağırmayıb. O, onun bankda olan telefon nömrəsini heç vaxt dəyişdirməyib və ona nə bankdan, nə icra məmurundan zənglər gəlməyib, onu məlumatlandırmayıblar. Bildirmişdir ki, məhkəmə əmrindən xəbəri olmayıb. Məhkəmədən nömrəsinə sms-xəbərdarlıq gəldiyi üçün narah olmuş və məhkəmə prosesinə gəlmişdir. Hal-hazırda borcdan ayda 100-200 manat ödəyə biləcəyini bildirmişdir. Odur ki, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını, icra işini, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq, hesab edir ki, təqdimat təmin edilməməlidir. Веlə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. "Cəfərov Azərbaycana qarşı" iş üzrə 11 fevral 2010-cu il tarixli və "Cəfərli və digərləri Azərbaycana qarşı" 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, X2, 1997-11). Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və. qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə qeyd edir ki, “İcra haqqında” qanun, borclunun məcburi gətirilməsi icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi və borclunun icra şöbəsinə gəlməməsi ilə şərtləndirmişdir, bu isə о deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, icranı həyata keçirməməli, heç bir üzrlü səbəb göstərmədən icra məmurunun çağırışları ilə bağlı gəlməməlidir. İcra işində borclunun bildirişi alması, borclunun üzrsüz səbəbdən icra məmurunun çağrışlarına gəlməməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu icra məmurunun çağırışı ilə gəlməməsi və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməməsi üzrsüz səbəb hesab edilə bilməz. Həmçinin Borclu məhkəmə iclasında iştirak edərək məhkəmə əmri qəbul edildikdən sonra ona heç bir bildirişin göndərilmədiyi, xeyli vaxt istifadəsində olan mobil nömrəsinə zəng edilmədiyini, qısa müddət ərzində borcunu ödəyəcəyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunduğundan, Borclu məcburi gətirilməsi üçün əsas olmadığından onun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4271/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-357/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-357/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver