Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-370/2025 16.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-563/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi haqqında X1 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-563/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMMC-nin iddiası üzrə 421 manat borc pulun, 30 manat dövlət rüsumunun tutulması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə ödənilməsi barədə, yəni ayda 20 manat olmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin borcluya qarşı kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək 421 manat borc tələbi, 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmışdır. Borc tələbini bir dəfəyə ödəyə bilməyəcəkdir. Belə ki, o uzun müddətdir ki, işləmir. Başqa yerdən gəliri yoxdur. Ancaq borcu hissə-hissə, yəni ayda 20 manat ödəmək şərti ilə ödəyə bilər. Məhkəmə iclasında iştirak edən X2 ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin məzmununa görə işə baxmış hakimin, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə dair səlahiyyəti yalnız işdə iştirak etmiş şəxslərin ərizəsi əsasında yaranır. Burada ifadə olunan dispozitivlik prinsipi məhkəməyə göstərilən hərəkətlərin müstəqil olaraq öz təşəbbüsü ilə tətbiqinə imkan vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, qətnamənin hissəhissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeləri eyni cür qorunmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Beləliklə, məhkəmə qətnamənin hissə-hissə icra edilməsinin tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə hissə-hissə icra edilmənin müstəsna xarakter daşıdığını, ödənilməli olan borcun məbləğini, tələbkarın qətnamənin hissə-hissə icra edilməsinə razılığının müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-563/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi haqqında ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-i maddəsinə əsasən məhkəmə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-563/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi haqqında X1 ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-370/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-370/2025
16.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver