Məhkəmə qərarları › İş №8(004)-375/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-375/2022

14.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-375/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İş üzrə Tələbkar, onun vəkili Vəkil3, İş üzrə Borclu, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 115025 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2022-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və-ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən iş üzrə borclu xx.xx.1968-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Tələbkar vəkili Vəkil3 təqdimatla bağlı bildirdi ki, təqdimat əsaslıdır. Belə ki, sözü gedən iş artıq uzun müddətdir ki, davam edir və hələ də icra sənədi üzrə heç bir nəticə əldə olunmamışdır. İş üzrə borclunun ölkəni tərk etməsi ehtimalı çoxdur. Çünki onun Türkiyə Respublikasında əmlakı vardır və o, oraya köçərək daimi olaraq yaşaya bilər. Tutulan məbləğin onun əmək haqqına yönəldilməklə ödənilməsi isə ağlabatan deyil. Borclu bu yalla icradan yayınmaq istəyir. Sonuncu dəfə borclu xaricə gedərək iki ay orada qalmışdır ki, bu özü xeyli vəsait tələb edir. İstər yol xərcləri, istərsə də, orada yaşayış xərcləri çox yüksəkdir. Deməli borclunun kifayət qədər maddi imkanı var, lakin o qərəzli şəkildə icradan yayınır. Bu mübahisə tərəflər arasında 10 ildir ki, gedir. Tələbkarın hüquqları pozulur, özü isə yaşlı qadındır, onun borclunun 50 ilə əmək haqqı hesabına borcunu ödəməsini gözləyəcək zamanı yoxdur. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə Tələbkar təqdimatla bağlı bildirdi ki, icra sənədi üzrə borclu artıq bir dəfə məhkəmə qərarı ilə inzibati qaydada həbs edilmiş, lakin borclu tərəfindən həmin qərardan şikayət verilmiş və apellyasiya məhkəməsinin qərarı ilə o həbsdən azad olmuşdur. Onun kifayət qədər əmlakı və maddi vəziyyəti var. O ki, qaldı uşağa o yalandan xəstə uşağın arxasında gizlənir. Belə ki, o uşaq illərdi əlillər evində dövlətin hesabına qalır. Əgər o əlil uşağına baxırsa bəs necə olur ki, iki ay xəstə uşağı burda atıb gedir? O, əvvələrdə dəfələrlə ölkəni tərk edib, indi də tərk etmək niyyətindədir. Bəs gedib qayıtmasa onun borcunu kim ödəyəcək. Borclunun ölkəni tərk etməsi ehtimalı çoxdur və bu səbəbdən də, icra sənədinin icrası qismində onun ölkədən çıxışına qadağa qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iş üzrə borclunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 təqdimata etiraz edərək bildirdi ki, icra məmuru tərəfindən verilmiş təqdimat əsassızdır. Belə ki, borclu heç bir zaman icra məmurunun çağırışlarından yayınmamış və hər zaman deyilmiş vaxt icra şöbəsində olmuşdur. Borclunun özü elmi dərəcəli işçidir və aylıq 700 manat yaxın gəliri vardır. İcra məmuru tərəfindən icra sənədinin icra edilməsi məqsədi ilə onun əmək haqqında yönəltmələr olunmamışdır. Bundan başqa sonuncunun himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxs vardır və borclu həmin şəxsin qəyyumu da təyin olunmuşdur. Odur ki, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə Borclu təqdimata etiraz edərək bildirdi ki, o, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mənzili satmış və mənzilin satışından əldə edilmiş gəlir hesabına övladını müalicə etdirmişdir. Belə ki, onun övladı xəstədir və daimi qulluğa ehtiyacı vardır. Lakin sonradan onun xeyrinə olan məhkəmə qərarı ləğv edilmiş və ondan iddiaçının xeyrinə pul tutulmuşdur. O, məhkəmə qətnaməsinin icrasından yayınmamış və belə bir fikri də, olmamışdır. Belə ki, hazırda olnun iş yeri var və aylıq 700 manata yaxın əmək haqqı alır. Lakin icra məmuru tərəfindən onun əmək haqqında tutmalar yönəldilməmişdir. Dəfələrlə bu barədə icra məmuruna müraciətlər də, etmişdir. Tələb edilən məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Odur ki, qeyd edilənləri nəzərə alaraq təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında borclunun vəkili Vəkil1 təqdimata etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs icra vərəqəsinin icrasında heç bir şəkildə yayınmamışdır. Belə ki, müvafiq məhkəmə qərarı əsasında o, sözü gedən mənzili satmış və mənzilin satışında əldə edilmiş pulu, himayəsində olan Daun sindromlu uşağına xərcləmişdir. Borclu sözü gedən məlbəği birdəfəlik ödəmək iqtidarında deyildir. Tələb edilən məbləği ancaq hissə-hissə ödənişlərlə həyata keçirə bilər. Belə ki, sonuncu hazırda işləyir və aylıq mütəmadi qazanca sahibdir. Odur ki, tutulmuş məbləğin geri qaytarılması üçün borclunun əmək haqqında icra məmuru tərəfindən yönəldilmələr edilməlidir. Odur ki, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri, eləcə də müvafiq icra işini araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 115025 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildiriş xx.xx.2022-ci il tarixdə borcluya təqdim edilmişdir. İş üzrə borclu həmin tarixdə icra şöbəsində izahat verərək, müvafiq məhkəmə aktından xəbərdar olduğunu və ödəniş etmədiyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2655/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Borclu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 gün müddətinə inzibati həbs edilmişdir. Eyni zamanda işin halları ilə borclunun daha öncə də, bir neçə dəfə ölkəni tərk etməsi, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ölkədə olmaması müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilməmiş, həmin icra vərəqi üzrə borclu tərəfindən ümumiyyətlə ödənişlər aparılmamışdır. Məhkəmə eyni zamanda tələb edilən məbləğin kifayət qədər böyük olmasını və tutulmuş məbləğin sadəcə borclunun əmək haqqında yönəldilməklə əmək haqqının hesabına ödənilməsini ağlabatan hesab etməməklə, bunu həm də, tələbkarın qanunla qorunan maraqlarını pozması ilə nəticələnməklə onun mənafeinə uyğun saymır. Beləliklə məhkəmə, yuxarıda qeyd edilənləri, həmçinin borclunun daha öncə də, dəfələrlə ölkəni uzun müddətə tərk etməsini, onun ölkənin hüdudlarını yenədə tərk etmək ehtimalını və bunun, Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin icrasının mümkünsüz edmək ehtimalını, tələb olunan məbləğin kifayət qədər yüksək olmasını, eləcə də tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatı əsaslı olduğuna görə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 710-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1968-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar