Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-376/2024 17.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsinə dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2021-ci il tarixdə icraatına başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1665/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X2 4630,29 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2021-ci il tarixdə icraatına başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4095/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X2 6193.6 manat tutularaq tələbkar “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icraatına başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3504/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə Borclu 14896 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə müvafiq manatla) və 513 manat tutularaq Tələbkar3 MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin Borclu 100 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Sözügedən icra sənədlədri üzrə başlanılmış icraat zamanı tələb X4 tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə yerinə yetirilməmişdir. İcraat zamanı könüllü icra haqqında bildirişlər xx.xx.2023-cü il tarixdə Borclu rəsmi qaydada, imza etdirilməklə təqdim edilməsinə baxmayaraq, borclu tərəfindən icra sənədləri üzrə tələb üzrsüz səbəbdən icra edilməmişdir. Aparılmış icra tədbirləri zamanı və elektron icra informasiya sistemindən borcluya məxsus əmlak və gəlirlər müəyyən edilməmişdir. Elektron icra informasiya sistemindən məlum olmuşdur ki, Borclu mütəmadi olaraq ölkə hüdudlarından kənara çıxır. Həmçinin Tələbkar3 MMC xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimatla müraciət edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra sənədləri Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab olunur. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1968-cü ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş olunur. Tələbkar1 ASC məhkəməyə ərizə ünvanlayaraq, Yasamal Rayon Məhkəməsinin 2(004)-1655/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu dair icra məmurunun təqdimatının təmin edilməsini xahiş etmiş və məlumat üçün bildirmişdir ki, icra sənədi üzrə qalıq borc 2830.29 AZN təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işini, təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qeyd edilən normada borclunun ökədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur. İcra işinin materiallarından müəyyən edilir ki, Borclu icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar və icra sənədinin könüllü icra edilməsi barədə bildirişlər və xəbərdarlıqlar rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, icra məmurunun xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4095/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclunun əmək haqqının hər ay 50% tutulması üçün tutulan məbləğin bilavasitə tələbkar “X6 Azərbaycan” QSC-nin hesabına köçürülməsi təklif olunmuş, həmçinin borclu xx.xx.2024-cü il tarixdə üç icra sənədi üzrə 11436,89 manat Yasamal Rayon İcra Şöbəsinə ödəniş etmiş, sonuncunun icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi, icra sənədlərinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədlərinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir. Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib (demokratik cəmiyyətdə zərurilik testi) olmalı, təxirəsalınmaz (sıxıcı) sosial ehtiyaca cavab verməlidir. Azərbaycan Respubliksı Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Kenvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən;
1. Qanuni əsaslarla hər hansı dövləin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəziyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.
4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. «Battista İtaliyaya qarşı» işdə (2 dekabr 2014-cü il) Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət isə ilk növbədə «qanunla nəzərdə tutulmuş» olmalı, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlməli və ən əsası həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin «demokratik cəmiyyətdə zəruri» olmalıdır. Konvensiya konteksində «zəruri» sözu «faydalı», «ağlabatan» və ya «rahat» sözləri qədər geniş məna daşımır, o, sözügedən müdaxilənin həyata keçirilməsi üçün «təxirəsalınmaz sosial tələbatın» mövcudluğunu nəzərdə tutur. Zəruri anlayışı belə bir tələbi doğurur ki, məhdudiyyət qanuni məqsədə mütənasib olmalıdır (X1rşı). Bundan başqa məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra sənədlərinin icrasının təmin edilməsi məqsədini güdür. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması o zaman tətbiq olunur ki, o, ölkə ərazisində qaldığı təqdirdə icra sənədlərini icra etmək iqtidarında olur, lakin icra sənədlərini üzrsüz səbəbdən icra etmir. Lakin iş materiallarında olan sənədlər əsasında bu nəticəyə gəlmək mümkün olmur. Məhkəmə təqdimatı təmin etməyərkən onu da nəzərə alır ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən Çıxarışdan görünür ki, borclu “BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində texnik işləməklə 4487,29 manat məbləğində əmək haqqı alır. Məhkəmə eyni zamanda qeyd edir ki, icra məmuru tərəfindən digər icra tədbirləri görülməmiş, yəni borclunun əmlakı, bank hesabları, gəlirləri və s. barədə sorğular verilməmiş, müvafiq icra sənədi üzrə borclunun mülkiyyətdində olan əmlakların üzərinə həbs qoyulmamış, həmçinin onun gəlirlərinə yönəldilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin təqdimatı əsaslı olmadığına görə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1665/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4095/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3504/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədlərinə əsasən Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Toğrul Axundov