Məhkəmə qərarları › İş №8(004)-393/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-393/2023

19.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-393/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin xx.xx.2021-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi və Yasamal Rayon Məhkəməsinin 2(004)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda qeydiyyatda olan Borclu tələbkar "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 170,40 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyev xx.xx.2021-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)- 624/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Onlar həmin qərarı rəsmi şəkildə xx.xx.2023-cü il tarixdə e-mail vasitəsilə əldə etmişlər. Yasamal İcra Şöbəsinin icra məmuru qərarında qeyd etmişdir ki, borcun könüll qaydada ödənilməsi ilə bağlı Borclu qeydiyyatda olduğu ünvan tərəflərindən bildiriş göndərilmiş, buna baxmayaraq tələb borclu tərəfindən icra edilməmişdir. Tələbin yönəldilə biləcəyi hər-hansı əmlakı və ya gəlirlərini aşkar etmək məqsədi ilə müvafiq aidiyyatı orqanlara sorğular edilmiş, lakin sorğulara cavab olaraq tələbin yönəldilə biləcəyi hər-hansı əmlak və gəlir aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun yaşadığı və qeydiyyatda olduğu ünvana baxış keçrilmiş, lakin borclunun siyahıya alınası əmlakı aşkar edilməmiş və bu barədə tərəfindən akt tərtib edilmişdir. Daha sonra icra məmuru icra sənədinin qaytarılması barədə qərar qəbul etmiş lakin həmin qərarı qəbul etdiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verməli olduğu halda "xxxx" Sığorta Şirkəti ASC-yə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, tələbkara borcu vardır. Əvvəllər işləmədiyinə və məsuliyyətə cəlb olunduğuna görə borcunu ödəyə bilməmişdir. Hal-hazırda moykada işləyir və borcunu ödəyəcəkdir. Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin "xxxx" Sığorta Şirkəti ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclunun yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi müvafiq məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən “BMW 535” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 150 manat sığorta ödənişi məbləği və ərizənin verilməsi ilə bağlı ödənilmiş 20,40 manat dövlət rüsumu olmaqla cəmi 170,40 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İcraata Başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-624/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli borclunun tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmaması barədə Aktdan görünür ki, Borclu yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və ünvanda zəruri ev əşyalarından başqa borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin xx.xx.2021-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilmədən müvafiq məhkəməyə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən lazımi icra tədbirləri görülməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərardan görünür ki, Borclu yaşadığı ünvana baxış keçirilmiş, lakin həmin ünvanda borcluya məxsus zəruri ev əşyalarından və avadanlıqlarından başqa ona məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli borclunun tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmaması barədə Aktda qeyd edilmişdir ki, Borclu yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və ünvanda zəruri ev əşyalarından başqa borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Lakin Məhkəmə iclasında iştirak edən Borclu izahatından da görünür ki, o tələbkara olan borcunu işləyib ödəyəcəyini bildirmişdir. Belə olan təqdirdə də məhkəmə hesab edir ki, "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsinin şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin xx.xx.2021-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərarı ləğv edilməlidir və icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsinin şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin xx.xx.2021-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” qərarı ləğv edilsin və icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar